
Bəzən belə hesab olunur ki, çox oxuyan daha çox öyrənir. Lakin müasir elmi yanaşmalar göstərir ki, insan beyni uzunmüddətli və yorucu məlumat yüklənməsindən deyil, qısa, aydın və məzmunlu təqdimatlardan daha səmərəli şəkildə faydalanır.
Qısa müddətdə verilən dəqiq izah, düzgün qurulmuş sual və ya “anlama anı” kimi qəbul edilən kiçik idrak sıçrayışı bəzən uzunmüddətli dərs proseslərindən daha təsirli nəticə verir. Bu baxımdan, şagirdləri informasiyanın həcmi ilə yükləmək deyil, onlara mənimsəmə üçün əlverişli mühit, sadəlik və vaxt təqdim etmək əsas prioritet olmalıdır.
Öyrənmə prosesi yalnız məlumat ötürülməsi deyil, eyni zamanda emosional və psixoloji uyğunlaşma mühitində formalaşan kompleks hadisədir. Neyroelmi yanaşmalara əsasən, öyrənmə zamanı beynin müxtəlif hissələri aktivləşir, hisslər və emosiyalar isə bu prosesin effektivliyini artıran mühüm amillərdən biridir. Müəllimin yanaşması, səs tonu, davranış tərzi və yaratdığı emosional mühit şagirdin öyrənməyə münasibətinə birbaşa təsir göstərir.
Eyni zamanda nəzərə alınmalıdır ki, öyrənmə prosesi müəyyən zehni gərginlik tələb edir və bu, bəzən çətinlik hissi ilə müşayiət olunur. Lakin bu çətinlik inkişafın təbii mərhələsi kimi qəbul edilməlidir. Şagird bu prosesə daxili motivasiya ilə qoşulmalı, müəllim isə bu motivasiyanın formalaşmasında etibarlı istiqamətləndirici rolunu oynamalıdır.
Tədris prosesində emosional komponentlərin – sevinc, maraq, təəccüb, empatiya kimi hisslərin – məqsədyönlü şəkildə tətbiqi öyrənmənin daha dərin və davamlı olmasına şərait yaradır.
Hər bir insanın yaddaşında məhz emosional təsir bağışlayan dərslər və anlar daha uzun müddət qalır. Bu fakt bir daha sübut edir ki, səmimi, məqsədyönlü və düzgün qurulmuş öyrənmə mühiti təhsilin keyfiyyətinin əsas göstəricilərindən biridir.
Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta