AZ

Azərbaycan-İtaliya əlaqələri: “Meloninin Bakıya gəlişi mesajdır”

“İtaliyanın Baş naziri Ciorcia Meloninin Bakıya səfəri əslində, Xəzərin sahilindən Aralıq dənizinə uzanan yeni bir siyasi və iqtisadi nəfəsin hiss olunmasıdır”. 

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanla İtaliya arasında münasibətlər onsuz da enerji xəritəsində mühüm yer tuturdu:


“Lakin bu səfər göstərdi ki, tərəflər artıq bu əlaqələri daha geniş, daha dərin və daha strateji bir müstəviyə daşımaq niyyətindədirlər. Bu münasibətlərdə sadəcə qaz kəmərlərinin, müqavilələrin dili danışmır. Burada həm də qarşılıqlı etimadın, geosiyasi uzaqgörənliyin və ortaq maraqların dili var. İtaliya üçün Azərbaycan etibarlı enerji tərəfdaşıdırsa, Azərbaycan üçün də İtaliya Avropaya açılan güclü və sabit qapıdır”.

Millət vəkili qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə geniş əlaqələr var:
“Yəni məsələ təkcə enerji ilə məhdudlaşmır. Bu, eyni zamanda mədəniyyətlərin, iqtisadi modellərin, texnologiyanın və siyasi dialoqun qovuşduğu nöqtədir. Meloninin Bakıya gəlişi bir növ mesajdır: dünya dəyişir, ittifaqlar yenidən formalaşır və bu prosesdə Azərbaycan artıq kənarda dayanan yox, oyunun içində olan, sözünü deyən aktordur. Bu səfər həm də göstərir ki, Bakı təkcə regionun yox, Avropa üçün də ciddi tərəfdaş kimi qəbul olunur”.

Elnarə Akimova vurğulayıb ki, bəlkə də ən önəmlisi budur:
“Tərəflər arasındakı münasibətlərdə formal diplomatiyanın soyuqluğundan çox, qarşılıqlı maraqların yaratdığı isti bir dinamika var. Bu dinamika qorunsa və inkişaf etdirilsə, Azərbaycan-İtaliya xətti yaxın illərdə təkcə iqtisadi deyil, siyasi baxımdan da Avrasiya məkanında diqqətçəkən əməkdaşlıq modellərindən birinə çevrilə bilər”.

Elmir Mustafa
 

Seçilən
4
26
hit.az

10Mənbələr