AZ

Enerji təhlükəsizliyindən STRATEJİ TƏRƏFDAŞLIĞA – Azərbaycan-İtaliya münasibətlərinin İNKİŞAF PERSPEKTİVLƏRİ

Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq iki ölkə arasında çoxşaxəli strateji tərəfdaşlıq modeli formalaşıb. Bu model təkcə ikitərəfli münasibətlərin deyil, eyni zamanda Avropa ilə Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi və geoiqtisadi strukturun əsas sütunlarından biri kimi çıxış edir.

Xüsusilə İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfəri bu tərəfdaşlığın həm siyasi, həm də rəmzi baxımdan nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib - FOTO


Strateji tərəfdaşlığın siyasi arxitekturası

Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələr artıq uzun müddətdir ki, yüksək səviyyədə inkişaf edir. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin hüquqi və institusional əsasını formalaşdırıb. Xüsusilə 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya səfəri münasibətlərin yeni mərhələyə keçidində dönüş nöqtəsi oldu.

Sonrakı dövrdə dövlət başçıları və hökumət rəhbərləri arasında davamlı dialoq bu xəttin ardıcıl şəkildə inkişaf etdirildiyini göstərir. Ötən ilin oktyabrında Kopenhagendə Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüş, eləcə də bu ilin yanvarında baş tutan hökumətlərarası komissiyanın iclası əməkdaşlığın institusional dərinliyini artıran mühüm addımlardır.

Bu kontekstdə Meloninin Bakıya səfəri sadəcə diplomatik protokol hadisəsi deyil. Bu səfər 13 illik fasilədən sonra İtaliya baş nazirinin Azərbaycana gəlişi kimi tarixə düşməklə yanaşı, iki ölkə arasında siyasi əlaqələrin intensivləşdirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

İrəvandan Bakıya: rəmzi mesajın geosiyasi mənası

Meloninin səfərinin ən diqqətçəkən məqamlarından biri onun Ermənistanda keçirilən çoxtərəfli tədbirdə iştirak etdikdən dərhal sonra Azərbaycana gəlməsi oldu. Bu detal ilk baxışda sadə diplomatik marşrut kimi görünsə də, əslində ciddi siyasi və rəmzi məna daşıyır.

Səfərin əhəmiyyətini Meloni hələ Azərbaycana uçmazdan əvvəl İrəvanda jurnalistlərə açıqlamasında xüsusi vurğuladı:

“Azərbaycan xüsusilə qaz və neft tədarükü baxımından ölkə üçün energetika sahəsində strateji tərəfdaşdır”.

Bu səfər həm də Azərbaycanın regionda artan geosiyasi çəkisinin və etibarlı tərəfdaş imicinin təsdiqidir. Meloninin açıq şəkildə Azərbaycanı enerji sahəsində “strateji tərəfdaş” kimi təqdim etməsi isə bu mesajı daha da gücləndirir. Beləliklə, səfər həm Bakı–Roma xəttində münasibətlərin möhkəmləndirilməsi, həm də Cənubi Qafqazda yeni siyasi reallıqların qəbul edilməsi baxımından əhəmiyyətli siqnal rolunu oynayır.

Enerji diplomatiyası: tərəfdaşlığın əsas dayağı

Azərbaycan–İtaliya münasibətlərinin əsas sütunlarından biri şübhəsiz ki, enerji əməkdaşlığıdır. İtaliya bu gün Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olmaqla yanaşı, həm də enerji ixracında əsas istiqamətlərdən biridir.

Azərbaycan hazırda İtaliyanın həm qaz, həm də neft təchizatında ikinci yerdə qərarlaşır. 2025-ci ildə Azərbaycandan İtaliyaya ixrac edilən qazın həcmi 9,5 milyard kubmetrə çatıb. Ümumulikdə isə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan İtaliyaya 50 milyard kubmetrə yaxın qaz ixrac edib.

Bu göstəricilər Azərbaycanın İtaliyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyində oynadığı rolu açıq şəkildə nümayiş etdirir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji xəritəsinin yenidən formalaşdığı bir dövrdə Azərbaycan kimi etibarlı tərəfdaşın əhəmiyyəti daha da artıb.

Eyni zamanda, iqtisadi əməkdaşlığın maliyyə tərəfi də diqqət çəkir. Azərbaycan Dövlət Neft Fondu tərəfindən son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində sərmayə yatırılması qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlıq niyyətinin göstəricisidir.

Bu baxımdan Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı müzakirələr strateji əhəmiyyət daşıyır. Bu layihə yalnız enerji axınlarının artırılması deyil, həm də Azərbaycan–Avropa əlaqələrinin daha da dərinləşdirilməsi deməkdir.

İtaliya şirkətlərinin Azərbaycandakı fəliyyəti

İqtisadi əməkdaşlıq sahəsində diqqətçəkən məqamlardan biri İtaliya şirkətlərinin Azərbaycanda fəallığıdır. Hazırda ölkəmizdə 130-a yaxın İtaliya şirkəti fəaliyyət göstərir və onlar müxtəlif sahələrdə geniş layihələr həyata keçirirlər.

Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə İtaliya şirkətlərinin iştirakı diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələri, eləcə də Zəfər muzeylərinin memarlıq layihələrinin hazırlanmasında İtaliya şirkətləri fəal iştirak ediblər. Eyni zamanda Mingəçevirdə həyata keçirilən sənaye və enerji layihələrində də bu əməkdaşlıq özünü göstərir.

Bu fakt İtaliyanın Azərbaycanın postmünaqişə dövründə bərpa və quruculuq prosesində etibarlı tərəfdaş kimi çıxış etdiyinin göstəricisidir.

Hərbi və humanitar sahədə əməkdaşlıq

Son illərdə Azərbaycan–İtaliya əməkdaşlığının yeni istiqamətlərindən biri də hərbi-texniki sahədir. Bu sahədə əməkdaşlıq artıq konkret layihələrlə müşayiət olunur.

Bu əməkdaşlığın ən aydın və praktiki nəticələrindən biri olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalının yenilənməsi istiqamətində İtaliyanın qabaqcıl texnologiyalarına əsaslanan müasir nəqliyyat təyyarələrinin alınması diqqət çəkir. Bu fakt hərbi əməkdaşlığın artıq daha dərin və strateji mərhələyə keçdiyini göstərir. Sözügedən addım yalnız ordumuzun logistika və operativ imkanlarını genişləndirməklə kifayətlənmir, eyni zamanda İtaliyanın Azərbaycanın milli təhlükəsizlik sistemində NATO standartlarına uyğun etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirir.

İki ölkə arasında münasibətlər təkcə siyasət və iqtisadiyyatla məhdudlaşmır. Humanitar sahədə də əməkdaşlıq getdikcə genişlənir.

Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti bu əməkdaşlığın simvoluna çevrilib. Artıq burada 500-dən çox tələbənin təhsil alması gələcəkdə iki ölkə arasında əlaqələrin insan kapitalı üzərindən daha da möhkəmlənəcəyini göstərir. Bu universitet yeni, peşəkar kadrların yetişdirilməsi ilə yanaşı, Azərbaycan və İtaliya arasında mədəni və intellektual körpü rolunu oynayır.

Möhkəmlənən tərəfdaşlıq və yeni perspektivlər

İtaliya bu gün Avropa İttifaqı daxilində Azərbaycanın ən yaxın tərəfdaşlarından biri kimi çıxış edir. Roma Bakının Aİ ilə münasibətlərinin inkişafında mühüm rol oynayır. Enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq Azərbaycanın Avropa bazarına inteqrasiyasını sürətləndirir. Eyni zamanda, İtaliya Azərbaycanın Avropa ilə Asiya arasında tranzit və logistika mərkəzi kimi rolunun güclənməsində maraqlıdır.

Bütün bu faktorlar göstərir ki, Azərbaycan–İtaliya münasibətləri artıq klassik diplomatik çərçivədən çıxaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Corcia Meloninin Azərbaycana səfəri isə bu prosesə yeni dinamika qazandırır. Bu səfər təkcə mövcud əməkdaşlığın təsdiqi deyil, həm də yeni layihələrin, yeni istiqamətlərin və daha dərin inteqrasiyanın başlanğıcıdır.

Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan və İtaliya arasında tərəfdaşlığın daha da güclənəcəyi və Avrasiya məkanında yeni əməkdaşlıq modelinə çevriləcəyi artıq şübhə doğurmur.

Bizim.Media-nın analitik qrupu

Seçilən
16
26
bizim.media

10Mənbələr