ABŞ kəşfiyyatının məlumatına görə, son iki ayda İrana edilən zərbələr nüvə silahı hazırlamaq üçün Tehrana lazım olan vaxtı azaltmayıb.
Musavat.com xəbər verir ki, iki mənbə Reuters-ə hətta 12 günlük müharibədən (2025-ci ildəki müharibədən bəhs olunur) əvvəl ABŞ kəşfiyyatnın İranın təxminən 3-6 ay ərzində nüvə silahı hazırlamaq üçün kifayət qədər yüksək dərəcəli uran istehsal edə biləcəyi qənaətinə gəldiyini deyib.
ABŞ-ın Nətənz, Fordo və İsfahandakı nüvə komplekslərinə zərbələri ilə nəticələnən bu müharibədən sonra ABŞ kəşfiyyatı nüvə bombası hazırlamaq üçün son tarixin təxminən 9-12 ay geri çəkildiyinə inanırdı. Lakin indi - bir aydan çox davam edən yeni bir müharibədən sonra kəşfiyyat nüvə silahı hazırlamaq üçün vaxt çərçivəsinin dəyişmədiyi qənaətinə gəlib.
Dəyişməz zaman xətti göstərir ki, İranın nüvə proqramını əhəmiyyətli dərəcədə yavaşlatmaq üçün onun qalan yüksək zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi və ya çıxarılması tələb oluna bilər.
Son həftələrdə ABŞ rəsmiləri İranın nüvə səylərinə əhəmiyyətli dərəcədə mane ola biləcək təhlükəli əməliyyatları nəzərdən keçirirlər. Bu variantlara İsfahan obyektindəki tunel kompleksində saxlanıldığı güman edilən yüksək zənginləşdirilmiş uranı çıxarmaq üçün yerüstü reydlər də daxildir.
Onu da qeyd etmək lazımdır ki, MAQATE İranın yüksək zənginləşdirilmiş uran ehtiyatının ölkənin onu daha da zənginləşdirməsi halında 10 nüvə bombası üçün kifayət edəcəyini təxmin edir.
Reuters agentliyi ekspertlərə istinadən bildirir ki, İranın nüvə potensialının dəqiq qiymətləndirilməsi hətta dünyanın aparıcı kəşfiyyat orqanları üçün belə mürəkkəb bir vəzifədir.
Musavat.com