AZ

Rusiyalı deputat Zelenskini cavab zərbələri ilə hədələyib

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Cavab qaçılmaz olacaq və bu, çox ciddi, genişmiqyaslı olacaq"

 “Əgər Ukrayna 9 mayda Moskvada keçiriləcək Qələbə Günü paradına dronlarla hücum etmək qərarına gələrsə, Rusiya hərbi qüvvələri cavab zərbələri endirəcək”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin üzvü Andrey Kolesnik deyib.

Deputat bildirib: "Cavab qaçılmaz olacaq və bu, çox ciddi, genişmiqyaslı olacaq".

O iddia edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski "kobudlaşıb, həyasızlaşıb və artıq Avropa İttifaqını idarə edir", ona görə də Rusiya hakimiyyəti "bu axmaqla bundan sonra nə edəcəyini ciddi şəkildə düşünməlidir".

Kolesnik əlavə edib: "Düşünürəm ki, bu dəfə dronların gələ biləcəyi yerlərə qarşı qabaqlayıcı zərbə zərər verməz".

Qeyd edək ki, Zelenski Ukrayna dronlarının Moskvada keçiriləcək Qələbə Günü paradında görünə biləcəyini bəyan edib. O bildirib ki, “Rusiya artıq əvvəlki qədər güclü deyil və uzun illərdən sonra ilk dəfə parad zamanı hərbi maşın karvanının keçidini ləğv etmək məcburiyyətində qalıb”.

Kreml əvvəllər Böyük Vətən müharibəsində qələbənin 81-ci ildönümünü qeyd etmək üçün tədbirin "əməliyyat vəziyyəti" və Kiyevdən gələn "terror təhlükəsi" səbəbindən "qısaldılmış formatda" keçiriləcəyini bəyan etmişdi.

Bu arada, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla söhbətində 9 mayda Ukrayna ilə atəşkəs elan etməyi təklif edib. Zelenski isə cavab olaraq Kiyevin Moskvada hərbi parad keçirmək üçün "bir neçə saat" deyil, uzunmüddətli atəşkəs istədiyini bildirib.

Bunun ardınca Ukrayna Silahlı Qüvvələri (USQ) Moskvaya dron hücumlarını bərpa edib. Mayın 2-dən 4-dək Moskva vilayəti üzərində 20-dən çox dron vurulub. Çernevo kəndində dron düşməsi nəticəsində bir nəfər ölüb. Digər bir dron isə Kremldən 6 kilometr aralıda, Moskvanın qərbindəki bir yaşayış binasına dəyib.

Bu arada, “Çeka-OGPU”nun məlumatına görə, paytaxt Moskvanın girişində yoxlama məntəqələri qurulub. Kreml ətrafında isə pulemyotlu zirehli avtomobillər yerləşdirilib. Kremlin bütün qüllələrində, divarlarında və binalarında pulemyotlar, snayper tüfəngləri və xüsusi avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı qüvvələr də yerləşdirilib. Qırmızı Meydana giriş bağlanıb.

Bundan əlavə, hakimiyyət orqanları mayın 5-dən 9-dək Moskvada bütün mobil telefon xidmətlərini məhdudlaşdırmaq qərarı verib. Operatorlar artıq istifadəçilərə xəbərdarlıqlar göndəriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
7
ayna.az

10Mənbələr