AZ

"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası

Deutsche Welle Azərbaycanı qalib elan edir: Hörmüz böhranı fonunda yeni geosiyasi reallıq

Hormus-Blockade macht Aserbaidschan zum großen Gewinner” (Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir) başlıqlı təhlildə Almaniya mətbuatı Cənubi Qafqazın strateji əhəmiyyətinin kəskin artdığını vurğulayır

Cənubi Qafqazda baş verən son geosiyasi dəyişikliklər fonunda Azərbaycanın rolu Almaniya mətbuatında xüsusi diqqətlə təhlil olunur. Deutsche Welle tərəfindən dərc edilən readaksiya məqaləsi olan “Hormus-Blockade macht Aserbaidschan zum großen Gewinner” (Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir) başlıqlı analitik materialda İran ətrafında yaranan böhranın regionun strateji əhəmiyyətini kəskin şəkildə artırdığı vurğulanır. Yazıda qeyd olunur ki, İranın Hörmüz boğazını bloklaması qlobal enerji və ticarət marşrutlarını iflic edərkən, alternativ yolların əhəmiyyəti ön plana çıxır və bu kontekstdə Cənubi Qafqaz əsas tranzit zonalardan birinə çevrilir. Məqalədə bu fikir açıq şəkildə ifadə olunur: “Während der Iran den Handel durch die Straße von Hormus blockiert, bietet der Südkaukasus eine der wenigen stabilen Routen zwischen Asien und Europa” (İran Hörmüz boğazı vasitəsilə ticarəti bloklayarkən, Cənubi Qafqaz Asiya ilə Avropa arasında azsaylı sabit marşrutlardan birini təqdim edir).

Bu yanaşma Azərbaycanın Orta Dəhliz çərçivəsində oynadığı rolun artıq lokal deyil, sistem xarakteri daşıdığını göstərir. İrəvandakı Regional Studies Center-in direktoru Richard Giragosian qeyd edir ki, “Der Mittlere Korridor ist jetzt die einzig verbleibende Route, der einzige gangbare Weg für Handel und Transport” (Orta Dəhliz hazırda ticarət və nəqliyyat üçün yeganə mümkün marşruta çevrilib). Bu fikir regionun alternativsizliyini vurğulamaqla yanaşı, Azərbaycanın tranzit ölkə kimi strateji çəkisinin artdığını təsdiqləyir.

Almaniya mətbuatında diqqət çəkən digər mühüm məqam enerji faktorudur. Eyni materialda qeyd olunur ki, enerji qiymətlərinin artması Azərbaycanın iqtisadi mövqeyini gücləndirir: “Höhere Ölpreise würden dem Land hohe Exportgewinne bescheren… monatlich bis zu zwischen 500 und 600 Millionen US-Dollar zusätzlich” (Yüksək neft qiymətləri ölkəyə böyük ixrac gəlirləri gətirə bilər… aylıq əlavə 500–600 milyon dollar həcmində). Bu yanaşma Azərbaycanın yalnız tranzit deyil, həm də enerji bazarında aktiv və qazanan aktor kimi qəbul edildiyini göstərir. Prezidentin müşaviri Hikmət Hacıyevin mövqeyi də bu kontekstdə təqdim olunur: “Aserbaidschan würde seine Erdgaslieferungen erhöhen, um die Ausfälle aus der Golfregion während des Iran-Kriegs auszugleichen” (Azərbaycan İran müharibəsi zamanı Körfəz regionunda yaranan boşluğu doldurmaq üçün qaz tədarükünü artıracaq).

Alman mətbuatında bu yanaşma təkcə bir nəşrlə məhdudlaşmır. Frankfurter Allgemeine Zeitung regionun rolunu daha geniş çərçivədə qiymətləndirərək yazır: “Der Südkaukasus entwickelt sich zunehmend zu einem strategischen Knotenpunkt zwischen Europa und Asien” (Cənubi Qafqaz getdikcə Avropa ilə Asiya arasında strateji qovşağa çevrilir). Der Spiegel isə enerji təhlükəsizliyi prizmasından yanaşaraq qeyd edir: “Europa sucht nach Alternativen zu traditionellen Energiequellen – Aserbaidschan rückt dabei stärker in den Fokus” (Avropa ənənəvi enerji mənbələrinə alternativ axtarır – bu kontekstdə Azərbaycan daha çox diqqət mərkəzinə düşür). Handelsblatt isə iqtisadi aspekti ön plana çəkir və bildirir: “Steigende Energiepreise stärken die Position von Exportländern wie Aserbaidschan” (Artan enerji qiymətləri Azərbaycan kimi ixracatçı ölkələrin mövqeyini gücləndirir).

Bu paralel yanaşmalar Almaniya mətbuatında formalaşan ümumi xətti ortaya qoyur. Azərbaycan burada eyni zamanda enerji təminatçısı, tranzit qovşağı və geosiyasi balansın mühüm elementi kimi təqdim olunur. Bu baxış Kornely Kakachia tərəfindən də dəstəklənir: “Mittel- bis langfristig wird sich der Südkaukasus… zu einer der Hauptrouten entwickeln, die die EU und China verbinden” (Orta və uzun müddətdə Cənubi Qafqaz Avropa ilə Çini birləşdirən əsas marşrutlardan birinə çevriləcək).

Bununla belə, Alman analitik diskursu yalnız imkanlarla məhdudlaşmır və riskləri də paralel şəkildə vurğulayır. Bakıdakı Topchubashov Center analitiki Mahammad Mammadov qeyd edir ki, “Iran hat die immer enger werdenden Beziehungen Aserbaidschans mit Israel immer als Bedrohung gesehen” (İran Azərbaycanın İsraillə yaxınlaşmasını təhlükə kimi qəbul edir). Bu yanaşma regionda geosiyasi balansın hələ də həssas və dəyişkən olduğunu göstərir.

Almaniya mətbuatının bu mövzuya yanaşması digər Avropa ölkələrinin media diskursundan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Alman nəşrləri mövzunu emosional və siyasi ritorikadan daha çox struktur və sistem yanaşması ilə təhlil edir, enerji təhlükəsizliyi, logistika zəncirləri və iqtisadi nəticələri ön plana çəkir. Eyni zamanda onlar həm imkanları, həm də riskləri balanslı şəkildə təqdim edir və uzunmüddətli perspektivə fokuslanaraq regionun qlobal sistemdə tutacağı yeri proqnozlaşdırmağa çalışırlar.

Almaniya mətbuatının təhlilləri göstərir ki, İran ətrafında yaranan böhran fonunda Azərbaycan yalnız situativ qazanan tərəf deyil, həm də struktur baxımından güclənən geosiyasi aktordur. Enerji ixracı, tranzit imkanları və strateji mövqeyi onu Avrasiya məkanında əvəzolunmaz halqaya çevirir və bu reallıq artıq beynəlxalq mediada açıq şəkildə etiraf olunur.

Seçilən
36
4
musavat.com

5Mənbələr