BAKI, 4 may. TELEQRAF
"1950-ci ildən bəri Avropanın müəyyən seqmentlərində dərin kök salmış Türkiyəyə qarşı qərəzi heç vaxt aradan qaldıra bilməmişik. Onlar həmişə Türkiyəni kənarlaşdırmaq, qapıda gözlətmək üçün bir bəhanə tapıblar. Türkiyə dəyişib, transformasiya olub. Lakin bu dairələrin təhrif olunmuş yanaşmasında heç bir dəyişiklik olmayıb. Təəssüf ki, Türkiyəyə qarşı strateji korluq davam edir. Dünən olduğu kimi, bu gün də problem Ankaranın mövqeyində yox, Brüsselin yanaşmasındadır. Regional əməkdaşlığın əhəmiyyət kəsb etdiyi yeni bir dünya qurulur. Türkiyə bu yeni sistemin ən güclü ölkələrindən biridir. Avropanın Türkiyəyə olan ehtiyacı Türkiyənin Avropaya olan ehtiyacından daha böyükdür. Belə bir münasibətin qalibi Avropa qitəsi olardı. Biz millətimizin maraqlarını nəzərə alaraq yolumuza davam edəcəyik".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün çıxışında bildirib.
Onun sözlərinə görə, son zamanlar Türkiyə-Avropa münasibətlərinə dairzərərli müzakirələr aparılır: "Türkiyə 1959-cu ildə, qurulduqdan qısa müddət sonra AB üzvlüyünə müraciət etdi. Hazırlıq dövrü 1964-cü ildə Ankara Sazişinin qüvvəyə minməsi ilə başladı. 1970-ci ildə Əlavə Protokolu imzaladıq. Sonrakı dövrdə Kiprlə bağlı fikir ayrılıqları AB üzvlüyünə doğru yolumuza mane oldu. 12 sentyabr 1980-ci il çevrilişi AB ilə münasibətlərimizi rəsmi olaraq dayandırdı. 14 aprel 1987-ci ildə AB-yə tam üzvlük üçün müraciət etdik. Türkiyə ilə AB arasında əlaqələr 1 yanvar 1996-cı ildə qüvvəyə minən Gömrük İttifaqı ilə bərpa edildi. 2002-ci ildən sonrakı iki ildə Parlament tərəfindən səkkiz uyğunlaşdırma paketi qəbul edildi. 53 qanunun 218 maddəsi qəbul edildi. İki konstitusiya islahatı paketi qəbul edildi. Türkiyə olaraq, səhv qərarları belə qəbul edərək yolumuza davam etdik.
2015-ci ildən bəri, Suriyadakı vətəndaş müharibəsinin səbəb olduğu və Avropanın yaşadığı miqrasiya dalğasından sonra, Birliklə münasibətlərimiz yenidən gücləndi. Məruz qaldığımız bütün standartlara baxmayaraq, tam üzvlük səylərimizi inadla davam etdirdik. Əlaqələrimiz bu gün də davam edir".