AZ

Regional sülh gündəliyi və Avropa platformasında yeni reallıqlar

Prezident cənab İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı, Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların, sülh gündəliyinin və beynəlxalq münasibətlər sistemində yaranan ziddiyyətlərin kompleks şəkildə təqdimatı kimi qiymətləndirilə bilər. Çıxış həm regional əməkdaşlıq perspektivlərini, həm də qlobal və Avropa institutlarının bu prosesə münasibətdə tutduğu mövqeləri aydın şəkildə ortaya qoyur.

Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi xüsusi siyasi və diplomatik əhəmiyyət kəsb edir. Bu addım, uzun illər qarşıdurma şəraitində olmuş iki ölkə arasında etimad mühitinin formalaşmağa başladığını göstərən mühüm siqnal kimi dəyərləndirilə bilər. Azərbaycanın daha əvvəl 2026-cı ildə Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsünü dəstəkləməsi və qarşılıqlı şəkildə belə bir platformanın bölüşdürülməsi ideyasını irəli sürməsi, rəsmi Bakının balanslı və konstruktiv yanaşmasının göstəricisidir. Bu yanaşma regionda sülhün yalnız bəyanat səviyyəsində deyil, praktik diplomatik addımlarla möhkəmləndirildiyini təsdiqləyir. Sülh prosesinin ən mühüm xüsusiyyətlərindən biri onun konkret iqtisadi nəticələrlə müşayiət olunmasıdır.

Azərbaycanın birtərəfli qaydada Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini aradan qaldırması və qısa müddət ərzində bu ölkəyə 28 min ton yük daşınmasının təmin edilməsi, regionda yeni iqtisadi münasibətlərin formalaşdığını göstərir. Bununla yanaşı, Azərbaycanın ilk dəfə olaraq Ermənistana neft məhsulları ixrac etməsi ticarət əlaqələrinin başlanğıcı kimi deyil, daha geniş mənada qarşılıqlı iqtisadi asılılığın yaradılması və sülhün davamlılığının təmin edilməsi baxımından strateji addım kimi çıxış edir.

Bu kontekstdə sülhün iqtisadi dividendləri tranzit və enerji əməkdaşlığıdır və bu amil regional sabitliyin əsas dayaqlarından birinə çevrilməkdədir. Eyni zamanda, nəqliyyat və logistika sahəsində irəli sürülən təşəbbüslər regionun geoiqtisadi əhəmiyyətini artırır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşrutun Orta Dəhlizin tərkib hissəsinə çevrilməsi, təkcə region ölkələri üçün deyil, daha geniş Avrasiya məkanı üçün yeni imkanlar yaradır. Bu layihə, həmçinin Ermənistanın regional iqtisadi layihələrə inteqrasiyası baxımından da mühüm perspektivlər açır və uzunmüddətli sülhün iqtisadi əsaslarını gücləndirir. Prezident cənab İlham Əliyevin çıxışında Avropa institutlarına münasibətdə fərqli yanaşmaların mövcudluğu da açıq şəkildə ifadə olundu. Avropa Komissiyasının sülh prosesinə verdiyi dəstək müsbət qiymətləndirilsə də, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyəti tənqid edildi. Bu tənqidlər, əsasən, adıçəkilən qurumların regiondakı reallıqları nəzərə almadan, selektiv və qərəzli yanaşma sərgiləməsi ilə əsaslandırılır. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra AŞPA tərəfindən tətbiq olunan məhdudiyyətlər və Avropa Parlamentinin qəbul etdiyi çoxsaylı qətnamələr rəsmi Bakı tərəfindən ikili standartların nümunəsi kimi təqdim olunur. Avropa Parlamenti ilə bağlı səsləndirilən fikirlər daha sərt xarakter daşıyır və bu qurumun sülh prosesinə dəstək vermək əvəzinə, onu siyasiləşdirməyə və təzyiq alətinə çevirməyə çalışdığı vurğulanır. Azərbaycanın cavab addımı kimi parlament səviyyəsində əməkdaşlığın dayandırılması qərarı, milli maraqların müdafiəsinə yönəlmiş institusional reaksiya kimi qiymətləndirilə bilər. Bu qərar, eyni zamanda, beynəlxalq münasibətlərdə qarşılıqlılıq prinsipinin qorunmasının vacibliyini bir daha ön plana çıxarır. Bütün bu mürəkkəb geosiyasi və diplomatik fon qarşısında Azərbaycanın əsas strateji xətti dəyişməz qalır. Rəsmi Bakı sülh gündəliyinə sadiqliyini açıq şəkildə bəyan edir və bu istiqamətdə praktik addımlar atmaqda davam edir. Ermənistan rəhbərliyinin də verdiyi açıqlamalar göstərir ki, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma üçün real zəmin formalaşmaqdadır. Fikrimcə Prezident cənab İlham Əliyevin Zirvə toplantısındakı çıxışı bir neçə mühüm məqamı ön plana çıxarır: Cənubi Qafqazda sülh prosesi artıq konkret nəticələr doğuran mərhələyə keçib, iqtisadi əməkdaşlıq bu prosesin əsas hərəkətverici qüvvəsinə çevrilir və beynəlxalq institutların bu reallıqlara uyğunlaşması zərurəti getdikcə daha qabarıq şəkildə ortaya çıxır. Mövcud şəraitdə əsas məsələ regional təşəbbüslərin davamlılığının təmin edilməsi və bu prosesə xarici müdaxilələrin minimuma endirilməsidir.

Mehriban Vəliyeva,

Milli Məclsiin deputatı

Seçilən
15
1
ikisahil.az

2Mənbələr