AZ

Yeni 18+ Tiktok serialları Netflixi necə KÖLGƏDƏ QOYDU?

Dövrümüzün texnologiyası dəyişdiyi kimi maraqları, zövqləri də dəyişib. İndi ekranlarda böyük yazıçıların əsərləri üzərində çəkilmiş filmlər deyil, süni intellektin hazırladığı qəribə seriala bənzər çarxlar “at oynadır”. Təsəvvür edin, ekranda sevilən, məşhur aktrisa yerinə pomidor başlı, insan bədənli “aktrisa” dram yaşayır, yanındakı xiyar obrazı isə etdiyi xəyanətə haqq qazandırır. Ən qəribəsi isə hamı istər-istəməz növbəti seriyanı səbrsizliklə gözləyir. Bu, sosial medianın yeni reallığıdır: məntiqsiz görünən, amma milyonları ekran qarşısında saxlayan süni intellekt serialları...

Bəs vaxtilə mifologiyadan tanıdığımız yarıinsan-yarıbitki varlıqlar necə oldu ki insanları ələ aldı?

İT mütəxəssisləri bunu belə izah edir ki, Sİ alətlərinin əlçatan olmasından sonra belə seriallar, qısa çarxlar populyarlaşdı. Belə ki, bir neçə il əvvəl belə animasiya yaratmaq üçün böyük studiya lazım idi. İndi isə Pika, Stable kimi proqramlarla belə diqqətçəkən obrazlar yaratmaq olur.
 

Bu cür kontentlər də adətən viral olur. İnsan psixologiyasına görə qurulmuş alqoritmlərdir. İnsan anlamadığı və qəribə gördüyü şeylərə maraqlı olur, alqoritm də bunu qarşısına çıxarır və həmişəki kimi yanılmır. Bundan başqa qısa formatlı, sərbəst mövzulu hekayəçilik müasir insana daha cəlbedici görünür. Üstəlik mifologiyadakı kimi “hibrid” varlıqlar həm tanış, həm də yad elementləri birləşdirir.


Ənənəvi film mütəxəssisləri isə bununla razılaşmır. Rejissor Əlisa Cabbarov Bizim.Media-ya verdiyi açıqlamasında vurğuladı ki, süni intellekt heç vaxt insan  şüurunu əvəz edə bilməz. Süni olan bir şeydə intellekt, məntiq axtarmaq doğru deyil. Proqram yüklənmiş məlumatlar əsasında qərar verir. Google axtarışı kimi bir şeydir, sadəcə daha kamil alət olaraq yaradılıb. İnsan intellekti isə fikir yaradıcılığıdır, təbii prosesdir.

“Dünya rekordlarını qıran filmlər insan beyninin, yaradıcılığının nəticəsidir. Süni intellektlə çəkilən filmlərə aludəçilik ötəridir, mövsümi xarakter daşıyır. Necə ki bundan qabaq kompüter qrafikası aludəçiliyi vardı, qısa müddətdən sonra yığışdırdılar. Çünki gördülər ki, aktyorun emosional vəziyyətini, göz yaşlarını heç bir süni alət əvəz edə bilməz, insan hisləri yalnız təbii olmalıdır”.   

Rejissor həmçinin diqqətə çatdırdı ki, hansısa mütəxəssis süni intellektdən istifadə edirsə, onun qarşısını almaq olmaz.

Amma bir mexanizm qurulmalıdır, tələb qoyulmalıdır ki, mütəxəssissin süni intellektdən yararlanması qeyd olunsun. Sifarişçi və tamaşaçı bu mətndə süni intellektdən istifadə olunduğunu bilsin”.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr