Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Qərbdə mənzillənən ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb.
Publika.az açıqlamanı təqdim edir:
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı davamlı uğurların və Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsi fonunda, habelə Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində Azərbaycan Respublikasına qarşı Qərb ölkələrində mənzillənən ermənipərəst dairələr tərəfindən son vaxtlar hibrid təhdid elementlərindən istifadə olunduğu müşahidə edilir.
Müşahidə olunan aktivliyin Azərbaycanda keçirilmiş COP29 konfransı ərəfəsində və tədbir zamanı aparılan fəaliyyətlərlə bənzərlik təşkil etməsi Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən (Komissiya) öz səlahiyyətləri çərçivəsində araşdırma aparılmasını zəruri edib.
Qeyd edilməlidir ki, o vaxt ölkəmizə qarşı hibrid təhdidlərin əsasən iki növü – "Lawfare", yəni hüquqi vasitələrlə təzyiq və dezinformasiya kampaniyaları geniş vüsət almışdı.