AZ

İran Hörmüz boğazından keçən BƏƏ tankerini vurdu...



Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus bir tankerin İrandan göndərilən iki dronla vurulduğunu açıqlayıb. BƏƏ Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama yayaraq, tankerin Hörmüz boğazından keçərkən İran dronu tərəfindən hədəfə alındığını bildirib.

Hücumda heç bir itki və ya xəsarət alanın olmadığı bildirilən açıqlamada vurğulanır ki, ticarət gəmilərini hədəf almaq və Hörmüz boğazından təzyiq və ya iqtisadi şantaj vasitəsi kimi istifadə etmək İran İnqilab Keşikçiləri tərəfindən törədilən "piratçılıq aktı"dır və regionun və onun xalqlarının sabitliyinə, eləcə də qlobal enerji təhlükəsizliyinə birbaşa təhdid yaradır.

İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyinə danışan bir hərbi rəsmi isə ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından keçmək cəhdləri ilə bağlı bildirib ki, İran Hörmüz boğazındakı bütün ssenarilərə hazırdır: “İlk atəşlər açılıb. Amerikalılar bilirlər ki, İran Trampın zorakılıqlarına icazə verməyəcək".

Hörmüz boğazının İran Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu bildirən İran hərbi rəsmisi bildirib ki, 40 günlük müharibədəolduğu kimi ABŞ qüvvələrinin boğazdan keçməsinə icazə verməyəcəklər. İran rəsmisi əlavə edib ki, boğazdakı gəmilər ABŞ və İsraillə müharibədən dərs çıxarmalı və ABŞ-ın səhvlərinin bədəlini ödəməməlidirlər. O, İranın Hörmüz boğazından "icazəsiz" keçidlərə qarşı raket atmaqla kifayətlənməyəcəyini, zərurət yaranarsa, digər tədbirlər də görəcəyini bildirib.

Bu arada, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Cask adası yaxınlığında ABŞ hərbi gəmisinin iki raketlə vurulduğu barədə İran mediasının xəbərlərini təkzib edib.

Tahir TAĞIYEV

Seçilən
27
baki-xeber.com

1Mənbələr