AZ

"AŞPA-nın Azərbaycana diktə dili ilə danışmağa nə hüquqi, nə də mənəvi haqqı var" -Tural Gəncəliyev

Prezident İlham Əliyev İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı videobağlantı formatında çıxışında vurğulayıb ki, Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda separatizmə son qoyaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş, lakin uzun illər icra edilməyən 4 qətnaməni özü həyata keçirib. Buna baxmayaraq, bir neçə ay sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinə sanksiyalar tətbiq edib.

Prezident bu addımı ikili standartların nümunəsi kimi qiymətləndirərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyü digər ölkələrinki ilə eyni dəyərə malikdir və bu məsələdə fərqli yanaşma qəbuledilməzdir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, prezidentin bugünkü çıxışında toxunduğu növbəti önəmli məsələ AŞPA-nın ədalətsiz və riyakar siyasəti ilə bağlı idi:

"Qeyd olunduğu kimi, 2023-cü ilin sentyabrında Qarabağ üzərində suverenliyimizin tam bərpa edilməsindən cəmi sayılı günlər sonra AŞPA öz daxili prinsiplərinə zidd hərəkət edərək Azərbaycana qarşı sənəd qəbul etdi və nümayəndə heyətimizə qarşı qeyri-etik addımlar atdı. Nəticədə, Azərbaycan nümayəndə heyəti bu riyakar siyasəti rədd edərək təşkilatdakı fəaliyyətini dayandırdı. Prezident öz çıxışında AŞPA-nın illər boyu davam edən bu qeyri-səmimi mövqeyinə xüsusi diqqət çəkdi. Torpaqlarımız işğal altında olduğu dövrdə AŞPA ərazilərimizdəki real vəziyyəti qəbul etmək istəmir, Azərbaycanın çağırışlarına cavab vermirdi. Təəssüflər olsun ki, özünü insan hüquqları və demokratiya carçısı kimi təqdim edən bu təşkilat azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə heç vaxt maraqlanmır, dağıdılmış mədəni irsimiz, mülkiyyətindən məhrum edilmiş vətəndaşlarımız haqqında heç bir qətnamə qəbul etmirdi. Nümayəndə heyətimizin qaldırdığı məsələlər ya təkzib edilir, ya da erməni lobbisinin təsiri ilə ədalətsiz şəkildə kənara qoyulurdu".

Müsahibimizin fikrincə, dövlətimiz və parlamentimiz bu qanunsuz, qeyri-obyektiv fəaliyyətə cavab olaraq çox önəmli bir addım atdı.

"Mən də AŞPA-dakı nümayəndə heyətinin bir üzvü kimi bu qərarı tam dəstəkləyirəm. Bu gün AŞPA-nın Azərbaycana irad bildirməyə və ya diktə dili ilə danışmağa nə hüquqi, nə mənəvi, nə də siyasi haqqı var. İstər AŞPA, istərsə də Avropa Parlamenti olsun, Azərbaycan indiyə qədər olduğu kimi, bundan sonra da hər bir qərəzli qətnaməyə ən sərt reaksiyanı verəcəkdir. Milli Məclisin bir neçə gün öncə Avropa Parlamentinə verdiyi tutarlı cavab da məhz onların öz həddini aşmasına qarşı bir göstərici idi. Avropa Şurası illər boyu erməni lobbisinin və onların əlaltılarının platformasına çevrilib. Məsələn, özünü ermənidən çox erməni kimi aparan, korrupsioner Şvabenin bu lobbiyə xidmət etməsi artıq heç kimə sirr deyil. Şvabe kimilərin məqsədi "insan hüquqları" adı altında ölkələrin daxili işlərinə qarışmaq və suverenliyimizə təhlükə yaratmaqdır. Ona görə də cənab prezidentin AŞPA-nın bu çoxüzlü sifətini ifşa etməsi təqdirəlayiq və tarixi bir hadisədir. Biz heç bir beynəlxalq təşkilat qarşısında aciz deyilik. Hər hansı təşkilat Azərbaycana qarşı ədalətsiz davranarsa, dərhal layiqli cavabını alacaqdır", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
14
1
redaktor.az

2Mənbələr