Məlumata görə, Putinin təhlükəsizliyi, Rusiyada çevriliş və sui-qəsd narahatlıqları səbəbindən əhəmiyyətli dərəcədə artırılıb. CNN Avropa kəşfiyyat mənbələrinə istinadən bildirir ki, Kreml yüksək vəzifəli hərbi məmurlara qarşı sui-qəsd və çevriliş risklərinin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini artırıb. Bu tədbirlərə Putinin şəxsi təhlükəsizliyinin gücləndirilməsi və onun yaxın ətrafına daha sərt nəzarətin tətbiq edilməsi daxildir.
Kəşfiyyat hesabatlnda, Putinlə yaxından işləyən aşpazlar, cangüdənlər və fotoqrafçıların ictimai nəqliyyatdan istifadəsinin qadağan edildiyi, ziyarətçilərin iki mərhələli təhlükəsizlik yoxlamasından keçdiyi və onun yaxın çevrəsinin internetə çıxışı olmayan telefonlardan istifadə etdiyi bildirilir. Həmçinin, Putinin ziyarət etdiyi yerlərin sayının azaldığı və artıq Moskva və Sankt-Peterburq ətrafındakı bəzi yaşayış yerlərinə getmədiyi qeyd olunur.
Putinin 2022-ci ildə Ukrayna ilə müharibə başlayandan sonra tez-tez Qara dəniz sahilindəki Krasnodar bölgəsindəki bunkerlərdə qaldığı, 2025-ci ildə hərbi obyektləri ziyarət etsə də, 2026-cı ildə hələ də belə bir ziyarətin baş tutmadığı bildirilir. İctimaiyyət üçün isə əvvəlcədən lentə alınmış görüntülərin təqdim edildiyi iddia olunur.
Kəşfiyyat məlumatlarına görə, bu tədbirlər 2025-ci ilin dekabrında bir rus generalının öldürülməsi və təhlükəsizlik qurumları arasında fikir ayrılıqlarından sonra artırılıb. Eyni zamanda, Rusiyanın müharibə dövründəki itkiləri, iqtisadi çətinlikləri və artan daxili narahatlıq Kremldə böhran hissini gücləndirib. Qərbin hesablamalarına görə, Rusiyanın aylıq itkiləri 30 minə yaxınlaşır, digər tərəfdən, Ukraynanın pilotsuz təyyarə hücumları ölkədə ciddi hissə edilməyə başlanıb.
Kəşfiyyat məlumatlarına görə, Kreml 2026-cı ilin mart ayından etibarən çevriliş və kəşfiyyat sızması ehtimalı ilə bağlı daha çox narahat olmağa başlayıb. Putinin xüsusilə Rusiyanın siyasi elitasının daxilindən gələ biləcək dronlarla dəstəklənən sui-qəsd cəhdinin mümkünlüyündən narahat olduğu bildirilir.
Məlumatlarda diqqət çəkən digər bir məqam keçmiş müdafiə naziri Sergey Şoyqu ilə bağlı irəli sürülən iddialardır. Şoyqu hərbi dairələrdəki təsiri səbəbindən potensial çevriliş riski ilə əlaqələndirilir. Həmçinin qeyd olunur ki, onun keçmiş müavini və yaxın silahdaşı Ruslan Tsalikovun korrupsiya ittihamları ilə həbsi də elitalar arasında güc balansını sarsıdıb.
Bundan əlavə, Putinin narahatlığının səbəblərindən biri ötən ilin dekabr ayında general-mayor Fanil Sarvarovun Moskvada qətlidir. Bu sui-qəsddən sonra Putinin təhlükəsizliyinə cavabdeh olan Federal Mühafizə Xidmətinin səlahiyyətlərinin genişləndirildiyi və daha 10 yüksək rütbəli məmurun xüsusi mühafizə ilə təmin edildiyi bildirilir.
Kremldə gücləndirilmiş təhlükəsizlik tədbirlərinin təkcə xarici təhdidlərə deyil, həm də daxili çəkişmələrə və çevriliş riskinə qarşı mübarizə aparmaq üçün tətbiq edildiyi deyilir.
Tahir TAĞIYEV