Ajans.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb. Məlumata görə, Amazon-un qurucusu ulduzlarla dolu xeyriyyə balına sponsorluq üçün azı 10 milyon dollar ödəyib. Bu isə onun həmsədrlər sırasında yer almasına imkan yaradıb. Həmsədrlər arasında müğənni Beyons, aktrisa Nikol Kidman, tennisçi Venus Uilyams və jurnalist Anna Vintur da olub. Lakin şou-biznes və moda dünyasının bəzi nümayəndələri Bezosun tədbirdə iştirakına etiraz edərək dəvətləri rədd ediblər. Bundan əlavə, yüzlərlə fəal tədbirin keçirildiyi Metropolitan İncəsənət Muzeyinin yaxınlığında toplaşaraq aksiyalar keçirib və mərasimi pozmağa çalışıb. Etirazçılar Bezosu ABŞ prezidenti Donald Trampla əməkdaşlıqda, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) üçün xidmətlər hazırlamaqda, vergidən yayınmaqda və Amazon-da ağır iş şəraiti yaratmaqda ittiham ediblər. Aksiya iştirakçıları həmçinin muzeyin yaxınlığında plastik butulkalar yerləşdiriblər. Bu addım Amazon çatdırılma sürücülərinin iş qrafiki səbəbindən tualetə gedə bilmədiklərini və butulkalardan istifadə etməyə məcbur olduqlarını iddia edən qalmaqala işarə edib.
Qeyd olunur ki, Bezos bu tənqidlərə hələlik münasibət bildirməyib.