AZ

Serial bazarında böyük fərq: azərbaycanlı və türkiyəli aktyorların QONORARLARI

Türkiyədə serial sektorunda ən çox qazanan aktyorların qonorarları yenidən açıqlanıb və ortaya çıxan rəqəmlər bu sahənin miqyasını bir daha nümayiş etdirir. Kənan İmirzalıoğlu – 4,5 milyon lirə (169 min manat), Afra Saraçoğlu – 2,5 milyon lirə (94 min manat), Çağatay Ulusoy – 3,5 milyon lirə (132 min manat), Demet Özdemir – 2 milyon lirə (75 min manat), Uraz Kaygılaroğlu – 1,5 milyon lirə (45 min manat) və digər məşhur simaların qazancı göstərir ki, Türkiyədə serial sənayesi artıq təkcə mədəni sahə deyil, həm də güclü iqtisadi sistemə çevrilib.

Bu “dodaquçuran” rəqəmlər fonunda Azərbaycan serial bazarına nəzər salmaq qaçılmaz olur. Son illərdə yerli teleməhsulların sayında müəyyən artım müşahidə olunsa da, illərdir müzakirə olunan bir məsələ hələ də aktuallığını qoruyur: aktyorların qonorarları.

Bəs Azərbaycanda vəziyyət necədir? Yerli seriallarda ən yüksək qonorar alan aktyor kimdir? Artan istehsal həcmi fonunda aktyorların gəlirlərində real dəyişiklik baş veribmi, yoxsa problem hələ də əvvəlki kimi qalır?

rzaa.jpg

“Drakon” ləqəbli tanınmış aktyor Rza Rzayev Musavat.com-a bir sıra mətləbləri açıb:

“Xarici ölkələrdə serial bazarı var. Yəni kino sənəti cəmiyyətin digər sahələrində baş verən hadisələri ifadə edir. Türkiyədə seriallar reklamların hesabına çəkilir. Türkiyədə kino sənayesi o qədər də inkişaf etməyib. Bizdə belə bir yanlış fikir var ki, Türkiyədə, İranda, Rusiyada kino sənayesi inkişaf edib. Əslində kino sənayesi bir neçə ölkədə inkişaf edib. Bunlardan biri Amerikada Hollivud, Hindistanda Bollivud, digəri də Nigeriyada Nollivuddur. Niyə bu ölkələrdə kino sənayesi inkişaf edib? Çünki böyük əhali bazası var. Hindistanın başqa ölkəyə film satmasına ehtiyac yoxdur, 2 milyarda yaxın əhalisi var. Özləri film çəkir, o pulu dəfələrlə çıxarırlar. Eləcə də Nigeriyada Nollivudun çəkdiyi filmləri götürək – dünyada kino istehsalına görə 3-cü yerdədir, ildə 2500 film çəkirlər. Onların filmlərinə Afrika ölkələri baxır, hətta ABŞ-də daha çox baxılır. Yəni seriallarda aktyorların yüksək maaş alması reklama bağlıdır. Televiziya həmin serialları sifariş edir və yaxşı baxılan serialların hesabına reklam qazanır. Tutaq ki, Türkiyədə bir serialın seriyası təxminən 1,5 milyon dollara başa gəlir, televiziya onu 3 milyon dollara alır. Məsələn, “Kurtlar vadisi” serialında 40 dəqiqə reklam gedirdi. Bu reklamın dəyəri 7 milyon avro edirdi. Yəni burada sistem qurulub. Sistem nədir? Qarşılıqlı əlaqədə olan elementlərin bütöv mexanizmidir. Bir element olmazsa, bu sistem pozular. Azərbaycanda isə reklam bazarı yoxdur. Ümumi fikir budur ki, maliyyə serialın keyfiyyətinə birbaşa təsir edir. Ayrılan pullarla bizim aktyorlar qəhrəmana çevrilə bilmirlər. Siz şahid olmusunuzmu ki, bu gün hansısa serialda oynayan aktyor sabah küçəyə çıxanda izləyici əlindən qaça bilməsin? Amma əvvəllər belə hallar olub, mən özüm də yaşamışam. Məsələn, 90-cı illərdə “Ünvansız qız” filminin çəkilişi vaxtı bir günün içində tanınmışdım, küçəyə çıxa bilmirdim. Yaxud Namiq Qaraçuxurlunun “Rəvayət” klipi bir günə məşhur oldu, insanlar onu hər yerdə qarşılayırdı. Və ya Hüseyn Dərya... Allah rəhmət eləsin.

Bu gün elə bir aktyor varmı ki, insanlar onun arxasınca qaçsın? Elə bir obraz varmı ki, fenomenə çevrilsin? Olmayacaqsa, demək bizdə heç vaxt o qədər məvacib olmayacaq.

Türkiyədə də sadaladığınız yüksək maaş alan aktyorlar çox deyil – maksimum 20-30 nəfər olar. Digərləri o qədər qazanmır. Amma onların arxasında gizli bir sistem dayanır. Çünki o obrazlar Türkiyəni dünyada təmsil edir. Dövlətlər bu obrazlar vasitəsilə başqa ölkələrə təsir edir. Kino və serial sənayesi ideoloji alətə çevrilir və Türkiyə bundan çox yaxşı istifadə edir. Əgər o aktyorlara yüksək maaş verilməsə, onlar qəhrəmana çevrilə bilməz. Onların həyat tərzi – geyimi, maşını, yaşadığı ev, getdiyi restoran, hamısı reklam və ideoloji təsirdir. Bu olmadan dünyada məşhurluq mümkün deyil. Dünyada tamaşaçı ya aktyora görə filmə baxır, ya da rejissora görə. Populyar filmlərdə aktyorlar ön planda olur, sənət filmlərində isə rejissorlar. Biz isə bu mərhələyə çata bilmərik, çünki bunun üçün imkanlarımız yoxdur”.

Aktyorların qonorarına gəlincə, Rzayev bunları bildirib:

“Hazırda bu prosesdə deyiləm, amma eşitdiyimə görə bizdə aktyorlar qonorar yox, aylıq maaş alırlar. Dünyada belə bir sistem yoxdur, çox ayıbdır. Eşitdiyimə görə, aylıq 500, 1000, maksimum 1500 manat verilir. Son dövrlər İTV-də bir serial üçün 25-30 min manat vəsait ayrılır. Bu halda aktyorun məvacibi artıq görünür – min, min beş yüz manatdan yuxarı qalxa bilməz. Bəzən 10 min manata serial çəkilir – orada aktyor nə qədər qazana bilər ki? Təsəvvür edin, azərbaycanlı aktyor metro ilə gəlib-gedir, kasıb şəraitdə yaşayır, uşağını həkimə apara bilmir, amma serialda milyonçu obrazını oynayır. Bu, inandırıcı olmur. Çünki onun fiziki duruşu, davranışı, həyat tərzi buna imkan vermir. Bunlar hamısı bir-biri ilə bağlıdır. Əvvəldə dediyim kimi, zəncirin bir halqası qırılırsa, sistem tamamilə dağılır. Sistem qurulmadan nəticə əldə etmək mümkün deyil. Təəssüf ki, bizdə kino ilə məşğul olanlar “kino sənəti” ilə “kino sənayesi”nin fərqini bilmirlər. Problem də məhz buradan başlayır”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr