AZ

Süni intellekt kibertəhlükəsizlikdə hansı təhlükələr yaradır?

Bakı, 4 may, AZƏRTAC

Süni intellekt kibertəhlükəsizlik sahəsində həm müdafiə mexanizmlərini gücləndirən, həm də yeni risklər yaradan ikili təsirə malik texnologiyadır.

Süni intellekt üzrə ekspert Dilarə Zamanova AZƏRTAC-a açıqlamasında bildirib ki, müdafiə tərəfdən baxdıqda, AI sistemləri böyük həcmdə məlumatı analiz edərək normal və anormal davranışları fərqləndirmək qabiliyyətinə malikdir.

“Bu isə şübhəli fəaliyyətlərin, icazəsiz girişlərin və potensial kiberhücumların erkən mərhələdə aşkar olunmasına imkan yaradır. Eyni zamanda, süni intellekt real vaxt rejimində təhlükələri analiz edərək avtomatik reaksiya verə bilir, bu da müdafiə sistemlərinin sürətini və effektivliyini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə maliyyə sektorunda AI fırıldaqçılıq hallarının, şübhəli əməliyyatların və istifadəçi davranışındakı qeyri-adi dəyişikliklərin aşkarlanmasında geniş tətbiq olunur. Digər tərəfdən, süni intellekt kiberhücumların da daha mürəkkəb və təhlükəli olmasına səbəb olur. Hücum edən tərəflər AI-dan istifadə edərək daha inandırıcı fişinq mesajları hazırlaya, sistem zəifliklərini daha sürətli müəyyən edə və hücum proseslərini avtomatlaşdıra bilirlər.

Bundan əlavə, “deepfake” texnologiyaları vasitəsilə saxta audio və video materialların hazırlanması sosial mühəndislik hücumlarını daha təsirli edir. Digər bir risk isə AI modellərinin özünə yönəlmiş hücumlardır; yanlış və manipulyasiya olunmuş məlumatlarla sistemlərin aldatılması nəticəsində səhv qərarların verilməsi mümkündür. Nəticə etibarilə, süni intellekt kibertəhlükəsizlik sahəsində həm güclü müdafiə aləti, həm də yeni nəsil təhlükələrin mənbəyidir. Bu səbəbdən gələcəkdə əsas prioritet yalnız texnoloji inkişaf deyil, eyni zamanda, bu texnologiyaların düzgün, təhlükəsiz və etik şəkildə idarə olunması olacaq”, - deyə Dilarə Zamanova qeyd edib.

Seçilən
15
1
azertag.az

2Mənbələr