AZ

ABŞ-ın Yaxın Şərqdə “məğlubiyyət ssenarisi" ön plana keçir: Hörmüz boğazı artıq “Bermud üçbucağı”na çevrilir

Yaxın Şərq savaşı ətrafında yaranmış yeni situasiya onu göstərir ki, ABŞ-ın hərbi gücü təkbaşına siyasi uğur üçün qətiyyən kifayət etmir... Ona görə də, Tramp administrasiyası hazırda həm ölkə daxilində, həm də qlobal məkanda olduqca ciddi müqavimətlə üzləşir...

Yaxın Şərq savaşı dünyanın ən bahalı müharibələri sırasına daxildir və olduqca ciddi qlobal risklər yaradır. Ancaq son vaxtlar ABŞ prezidenti Donald Trampın İrana yönəlik ittihamlarının getdikcə daha da sərtləşməsi Yaxın Şərq savaşının hələ bir müddət davam edə biləcəyi ilə bağlı ehtimallara da inandırıcı görüntülər verir. Belə ki, Ağ Ev sahibi İranın “özünü idarə edə bilmədiyini” və “qeyri-nüvə sazişi bağlamağı bacarmadığını” bildirərək, rəsmi Tehrana açıq təhdid mesajı göndərib. Və onun bu sərt ritorikası yalnız Ağ Evin xarici siyasət xəttini deyil, eyni zamanda, ABŞ-ın daxilində artan siyasi gərginliyi də əks etdirir.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərq savaşının iqtisadi yükü və prezident Donald Trampın siyasi qərarlar qəbul etmək səlahiyyətlərinə məhdudiyyətlərin tətbiq olunmasına yönəlik cəhdlər Ağ Evin hərbi addımlar atmasını ciddi şəkildə çətinləşdirir. Belə ki, Pentaqonun açıqladığı rəsmi məlumatlara görə, ABŞ-ın Yaxın Şərq savaşı üzrə hərbi əməliyyatlarının ümumi dəyəri artıq 25 milyard dollara çatıb. Üstəlik, bu, hələlik indiyə qədər rəsmi şəkildə elan edilmiş ilk və ən yüksək rəqəmdir. Və rəsmi hesablamalara əsasən, gündəlik hərbi xərclər təxminən 600 milyon dollar təşkil edir ki, bu da əməliyyatların uzunmüddətli perspektivdə daha ciddi maliyyə yükünə çevrildiyini göstərir.

5485042b-02ab-4357-9bbf-0c36cba42bef.jpg

Ancaq Tramp administrasiyasının üzləşdiyi əsas problem yalnız iqtisadi xarakter daşımır. Çünki Tramp administrasiyası hərbi əməliyyatları genişləndirmək məqsədilə ABŞ Konqresindən əlavə 200 milyard dollar maliyyə vəsait tələb edib. Ancaq Ağ Evin bu tələbinin qəbul edilməməsi ABŞ-ın siyasi elitası daxilində Yaxın Şərq savaşı ilə bağlı konsensusun mövcud olmadığını da açıq şəkildə göstərir. Digər tərəfdən, ABŞ prezidentinin Konqresin icazəsi olmadan, hərbi əməliyyatlar aparmasına imkan verən 60 günlük müddətin başa çatması isə hüquqi mübahisələri daha da dərinləşdirib. Və bu isə Tramp administrasiyasının verəcəyi qərarları həm siyasi, həm də hüquqi baxımdan, daha riskli edir.

Bütün bunlara baxmayaraq, Ağ Ev Yaxın Şərq savaşını daha fərqli modeldə, həm də Hörmüz boğazı üzərindən davam etdirmək niyyətində israrlı görünür. Belə ki, hazırda Yaxın Şərq regionunda hərbi vəziyyətin gərginləşməsində əsas amillərdən biri də məhz Hörmüz boğazı ətrafında yaranmış böhranlı situasiya hesab olunur. Çünki son məlumatlara görə, ABŞ “Azadlıq Layihəsi” adlı hərbi əməliyyat çərçivəsində regiona 15 minə yaxın hərbçi, əlavə savaş gəmiləri və 100-dən çox döyüş təyyarəsi daşıyaraq, Yaxın Şərqdəki hərbi mövcudluğunu daha da gücləndirib.

Məsələ ondadır ki, Ağ Ev bu hərbi əməliyyatın məqsədinin yalnız ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək olduğunu bildirir. Ancaq atılan bu addımlar eyni zamanda, İrana qarşı yeni strateji hərbi təzyiq mexanizminin yaradılmasına cəhd kimi də qiymətləndirilir. Ağ Evin öz son addımlarını əsaslandırmaq üçün hesabatlarından yararlandığı Beynəlxalq Dəniz Təşkilatı isə xəbərdarlıq edib ki, Hörmüz boğazı ətrafında təxminən 2000 ticarət gəmisi və 20 minə yaxın dənizçi faktiki olaraq, blokada vəziyyətində qalıb. Üstəlik, bir çox gəmidə ərzaq və yanacaq ehtiyatının kritik həddə qədər azalması mövcud vəziyyətin artıq humanitar ölçülər almağa başladığını da göstərir. Və İran isə öz növbəsində, artıq tədricən “Bermud üçbucağı”na çevrilməyə başlayan Hörmüz boğazını açmaq niyyətində olmadığını bəyan edərək, qlobal enerji bazarına təsir imkanlarını qoruyub, saxlamağa çalışır.

cbf429af-3375-48b4-bcae-6e734423f6f3.jpg

Maraqlıdır ki, Yaxın Şərq savaşına qarşı qlobal məkanda da kifayət qədər ciddi etiraz dalğası mövcuddur. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya və s. kimi NATO üzvü olan Avropa ölkələri ABŞ-ın başlatdığı bu savaşa qarşı sərt mövqe tuturlar. Eyni zamanda, məhz İranla sərhəd qonşusu olan Türkiyə də Yaxın Şərq savaşından ciddi şəkildə narahatdır. Ona görə də, rəsmi Ankara artıq dəfələrlə savaşın dayandırılmasına yönəlik israrlı çağırışlarla diqqəti çəkib. Və Türkiyə rəsmi dairələri hesab edirlər ki, iki ölkə arasında olan problemlərin siyasi-diplomatik yollarla həll olunması ən doğru variantdır.

Xüsusilə də, bu hərbi münaqişəyə münasibət bildirən prezident Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq savaşını “mənasız, qanunsuz və lazımsız” adlandırıb. Türkiyə lideri vurğulayıb ki, hərbi münaqişənin mövcud nəticələri hazırda yalnız qarşıduran tərəflərlə məhdudlaşmır və bütün dünya bu savaşdan ciddi ziyan çəkir. Prezident Rəcəb Tayyib Ərdoğanın fikrincə, qlobal iqtisadiyyat pandemiya sonrası bərpa, rəqəmsal transformasiya və artan ticarət gərginliklərinə paralel olaraq, hələ çox kövrək vəziyyətdədir.

Ona görə də, rəsmi Ankara xəbərdarlıq edir ki, bu müharibə mövcud problemləri daha da dərinləşdirir. Belə vəziyyətdəsə, enerji təhlükəsizliyi risk altına düşür, “təchizat zəncirləri” zəifləyir və beynəlxalq ticarət sistemi daha çox dağıdıcı təsirlər ilə üzləşir. Və bütün bunlar isə öz növbəsində qlobal iqtisadi sabitliyi ciddi şəkildə pozulma təhlükəsi qarşısında buraxır.

96f264e6-9d33-41c9-81aa-2cd1727cf093.jpg

Ancaq Tramp administrasiyasının qlobal siyasi problemləri yalnız Türkiyənin və bəzi aparıcı Qərb ölkələrinin kəskin etirazları ilə məhdudlaşmır. Belə ki, Ağ Ev üçün Yaxın Şərq savaşı ilə bağlı əsas təzyiqlər məhz ABŞ daxilindən göstərilməkdədir. Bəzi Qərb ekspertlərinin qənaətlərinə görə, Tramp administrasiyasının İrana qarşı hərbi kampaniyasının ABŞ-da geniş dəstək qazanmamasının bir neçə önəmli səbəbi mövcuddur.

Onların fikrincə, birincisi, yüksək maliyyə xərcləri ABŞ ictimaiyyətində və siyasi dairələrində ciddi narazılıq yaradır. İkincisi, hərbi əməliyyatların dəqiq strategiyasının olmaması və qeyri-müəyyən müddətə uzadılması ehtimalı da ciddi suallar doğurur. Üçüncüsü, hüquqi məhdudiyyətlər Tramp administrasiyanın hərbi-siyasi manevr imkanlarını daha da daraldır. Və nəhayət, Yaxın Şərq savaşı ABŞ-ın yeni genişmiqyaslı müharibəyə, yəni, daha böyük bir regional hərbi qarşıdurmaya cəlb olunma ehtimalını artırır.

Göründüyü kimi, ABŞ-ın hərbi gücü təkbaşına siyasi uğur üçün qətiyyən kifayət etmir. Ona görə də, Tramp administrasiyası ABŞ-ın hərbi gücü sayəsində yekun nəticə əldə etməyə çalışsa da, həm ölkə daxilində, həm də qlobal məkanda “məğlubiyyət ssenarisi”ni ön plana keçirə biləcək səviyyədə ciddi müqavimətlə üzləşir. Əgər, Yaxın Şərq savaşının əsas iştirakçıları yenidən siyasi-diplomatik masaya qayıtmasalar, bu hərbi qarşıdurma yalnız regional deyil, qlobal miqyasda da daha dərin siyasi-iqtisadi sarsıntılara səbəb ola bilər. Və bu isə qlobal sistemin gələcək taleyi üçün yeni, həm də daha mürəkkəb çağırışlara yol açılması deməkdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Seçilən
24
1
musavat.com

2Mənbələr