Abutalıb Səmədov: "Dövlət borcu təhlükəli həddə çatıb, amma ABŞ İran müharibəsinə görə geri çəkilməyəcək"
ABŞ üçün 2-ci Dünya Müharibəsindən sonra ilk dəfə dövlət borcunun ÜDM-ə nisbəti 100 faizi keçib. Bu, son 80 ildə ilk dəfə baş verən tarixi həddir.
2026-cı il martın 31-nə olan məlumata görə ABŞ-ın ictimaiyyətin əlində olan federal borcu 31.27 trilyon dollara çatıb. Ölkənin son 12 aylıq nominal ÜDM-i isə 31.22 trilyon dollar olub. Beləliklə, borc/ÜDM nisbəti 100.2 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2-ci Dünya Müharibəsi bitəndə, 1946-cı ildə bu göstərici 106 faiz idi. Müharibədən sonra borc yükü 1960-cı illərin sonuna qədər 34 faizə düşmüşdü. 2008-ci il böhranında 62 faiz, pandemiyadan sonra 2020-ci ildə 98 faiz oldu. İndi isə 100 faizlik psixoloji hədd keçildi.
Ümumi brutto borc isə 39 trilyonu ötüb. Bu məbləğin 31.27 trilyon dolları ictimaiyyətin əlində olan borcdur: xarici dövlətlər, pensiya fondları, banklar, vətəndaşlar tərəfindən alınan istiqrazlar. Qalan 7.7 trilyon isə dövlətin öz qurumları arasındakı borcdur, əsasən Sosial Sığorta və digər trast fondlarının Maliyyə Nazirliyinə verdiyi borc. Ümumi 39 trilyon borc hər amerikalıya təxminən 114 min dollar, hər ailəyə isə 289 min dollar düşür.
Borc niyə bu qədər sürətlə artır? Dörd əsas səbəb var. Birincisi, büdcə kəsiri. 2026-cı ildə federal büdcə kəsiri 1.9 trilyon dollar proqnozlaşdırılır. Hökumət hər 1 dollar gəlirə qarşı 1.33 dollar xərcləyir. İkincisi, faiz xərcləri. Faiz ödənişlərinin bu il 1 trilyonu keçəcəyi proqnozlaşdırılır. Bu, Pentaqonun illik büdcəsindən çoxdur. Üçüncüsü, sosial xərclər. Baby-boomer nəslinin təqaüdə çıxması ilə Sosial Sığorta və Medicare xərcləri artır. Dördüncüsü, vergi güzəştləri. 2017-ci il Tramp vergi islahatı və 2025-ci ildə uzadılan güzəştlər büdcəyə ildə yüz milyardlarla dollar ziyan vurur.
31.27 trilyonluq ictimai borcun 8.1 trilyon dolları xarici dövlətlərin əlindədir. Yaponiya 1.2 trilyon, Çin 821 milyard, Britaniya 714 milyard dollarlıq ABŞ istiqrazı saxlayır.
100 faizlik həddin keçilməsi texniki olaraq defolt demək deyil. Yaponiyanın borcu ÜDM-in 260 faizidir, amma iflas etməyib. Çünki borc öz valyutasındadır və mərkəzi bank istədiyi qədər pul çap edə bilər. ABŞ üçün də eyni məntiq işləyir. Dollar dünya ehtiyat valyutası olduğu üçün Vaşinqton hələ ki, borclana bilir. Amma risklər artır. Borc çoxalanda investorlar daha yüksək faiz tələb edir. Faiz qalxanda büdcənin faiz yükü daha da artır. Bu, "borc spiralı" adlanır.
Nəticəsi nə olacaq? Qısa müddətdə heç nə. ABŞ defolt etməyəcək, dollar çökməyəcək. Amma orta müddətdə üç ssenari var. Birincisi, inflyasiya ilə borcu əritmək. 1970-ci illərdə ABŞ belə etdi. İkincisi, xərcləri kəsib vergiləri qaldırmaq. Siyasi baxımdan çox çətindir, nə demokratlar sosial xərcləri, nə respublikaçılar hərbi büdcəni kəsmək istəyir. Üçüncüsü, böhran. Əgər investorlar bir gün “ABŞ artıq bu borcu qaytara bilməyəcək” deyib istiqraz almaqdan imtina etsə, faizlər kəskin qalxar və maliyyə böhranı başlayar. 2023-cü ildə Fitch, 2024-də Moody’s ABŞ-ın kredit reytinqini aşağı salanda bu ssenari müzakirə olunmuşdu.
Yekun olaraq, 100 faizlik hədd psixoloji və siyasi həddir. İqtisadiyyat hələ dağılmır, amma hər keçən il 1.9 trilyon dollar kəsir borcu böyüdür. Konqresin Büdcə Ofisi proqnozlaşdırır ki, borc 2056-cı ilə qədər ÜDM-in 175 faizinə çata bilər. Onda faiz xərcləri büdcənin əhəmiyyətli hissəsini yeyəcək. Yəni hər yeddi dollardan biri köhnə borcun faizini ödəməyə gedəcək. Bu, artıq milli təhlükəsizlik məsələsidir, çünki müdafiə, təhsil, infrastruktur üçün pul qalmayacaq.
Politoloq Abutalıb Səmədov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın dövlət borcu artıq təhlükəli həddə çatıb:“Müxtəlif nəşrlər fərqli rəqəmlər yazır. Eyni zamanda ABŞ-ın ÜDM-i ilə bağlı da fərqli məlumatlar var. 2025-ci ilin yekunlarına görə ABŞ-da ÜDM 31 trilyon dollardan bir qədər artıq olub. Bəzi nəşrlər dövlət borcunun da təxminən bu qədər olduğunu deyirlər. Yəni 1946-cı ilin rekord borc həddinə yaxınlaşdığını bəyan edirlər. Həmin vaxt dövlət borcu ÜDM-in 106 faizi səviyyəsində olub. Rəqəmlər nə qədər müxtəlif olsa da, bir məsələ aydındır ki, ABŞ-da iqtisadi vəziyyət ağırlaşmaqda davam edir.
Hələlik Trampın atdığı addımlar, xüsusilə rüsum siyasəti öz bəhrəsini vermir. Bununla yanaşı, müxtəlif dövlətlərlə danışıqlar aparıb investisiya cəlb etmək siyasəti də gözlənilən nəticəni vermir. Baxmayaraq ki, bir neçə ərəb dövləti ABŞ-a 3 trilyondan artıq investisiya qoymaq öhdəliyi götürüb".
Səmədov bildirir ki, Amerikada iqtisadi vəziyyət İranla bağlı gərginlik fonunda bir qədər də ağırlaşıb: "Neftin bahalaşması nəticəsində benzinin qiymətinin artması əhalinin vəziyyətinə təsir göstərib. Baxmayaraq ki, bunu ABŞ üçün kəskin qiymət artımı saymaq olmaz. Çünki bir qallon, yəni təxminən 3.785 litr benzin 4 dollardan bahadır. Yəni ABŞ-da 1 litr benzin təxminən 1.13 dollar və ya 1.92 manata satılır. ABŞ kimi varlı dövlət üçün bu, böyük bahalaşma deyil. Amma görünür, benzinin qiymətinin artması bütün digər qiymətləri də bahalaşdırdığı və amerikalıların ucuz benzinə adət etdiyi üçün proses kəskin reaksiya doğurur".
Mütəxəssisin fikrincə, dövlət borcunun bu səviyyəyə çatması İranla münasibətlərə birbaşa təsir göstərməyəcək: "Baxmayaraq ki, ABŞ ilə İran arasında qarşıdurma daha çox iqtisadi alətlər üzərinə keçib - Tramp İrana zərbələr endirilməyəcəyini deyir, ancaq blokadanın davam etdiriləcəyini vurğulayır. Bu da sonda İranda neft hasilatını dayandıra bilər. Çünki hasil edilən neftin dünya bazarlarına çıxarılması ABŞ blokadası ilə məhdudlaşdırılıb. Bundan əvvəl İran gündə 2 milyon barelə qədər neft satırdı, indi isə bu imkan yoxdur. Neft saxlanılan anbarlar və çənlər dolmaq üzrədir. İranın neft sənayesi bu şərtlərlə təxminən iki həftə davam gətirə bilər. Blokada davam edərsə, bundan sonra İranda neft hasilatı dayanmalıdır. İranın 10-14 gün vaxtı qalıb".
"Tramp ümid edir ki, bu vəziyyət Tehran rejimini güzəştə getməyə məcbur edəcək. İran da Hörmüz boğazından Körfəz ölkələrinin satışa çıxardığı neftin keçməsinə mane olur. İran Hörmüz boğazını özünün "atom bombası" hesab edir. Tehran rəhbərliyi düşünür ki, bu boğaz vasitəsilə dünyaya təzyiq göstərə bilər. Dünyanın gündəlik neft tələbatı 104 milyon bareldir. Onun 20 milyon bareli Hörmüz boğazından keçərək ünvanına çatırdı. İndi bu qədər neftin dünya bazarına çıxa bilməməsi təbii ki, neftin qiymətini bahalaşdırır. İran da bu yolla ABŞ-a təzyiq göstərmək istəyir ki, benzinin qiyməti artsın və Amerika əhalisi ilə müttəfiq ölkələr Trampı güzəştə getməyə məcbur etsin.
Kim birinci çökəcək, kim birinci təslim bayrağını qaldıracaq – əsas sual budur. Ehtimal var ki, İran güzəştə getməyə məcbur qalacaq. Çünki 10-14 gündən artıq gözləmək imkanı qalmayıb. Neft hasilatını dayandırmaq, buruqları bağlamaq və onları sonradan yenidən işə salmaq çox böyük xərc tələb edir. Əvvəlki hasilat həcmini qısa müddətdə bərpa etmək mümkün olmadığı üçün bu, dövlətə ciddi zərər vurur. Bu səbəbdən İranın daha tez güzəştə gedəcəyi ehtimal edilir. Hər halda Tramp buna ümid edir, - deyə A.Səmədov vurğuladı.
O, əlavə etdi ki, amma bütövlükdə ABŞ-ın dövlət borcunun ÜDM-dən artıq olması İranla qarşıdurmaya ciddi təsir göstərməyəcək. Amerika borcla yaşamağa adət edib və bu borcun bir qədər də artması ölkə iqtisadiyyatına o qədər də kəskin təsir etməyəcək. Baxmayaraq ki, kifayət qədər təhlükəli ehtimallar var və Tramp bunu da nəzərə almalıdır. Amma hesab edirəm ki, Tramp geri çəkilməyəcək. İranla qarşıdurmada uğur qazanmaqla Konqresə keçiriləcək aralıq seçkilərdə mümkün qədər az fərqlə uduzmağa cəhd göstərəcək. Lakin məqsədinə nail olacaqmı, yoxsa Konqresə olan aralıq seçkilərdə demokratlar böyük üstünlüklə qalib gəlib Trampı "topal ördəyə" çevirəcək, bu noyabr ayında məlum olacaq.
Dəniz NƏSİRLİ