AZ

Axios: Trampın “Azadlıq Layihəsi” müharibənin yenidən alovlanmasına səbəb ola bilər... 

ABŞ-nin Hörmüz boğazında planlaşdırdığı addımlar gərginliyi artıra bilər...

Poliqon xəbər verir ki, Axios nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranla bağlı “nə razılaşma, nə də müharibə” kimi xarakterizə olunan mövcud vəziyyətdən narazıdır və bu vəziyyəti dəyişmək üçün “Azadlıq Layihəsi” adlandırılan əməliyyatın həyata keçirilməsinə göstəriş verib.

Məlumata görə, Tramp administrasiyası daha fəal addımlar atmaq niyyətindədir. Yüksək vəzifəli amerikalı rəsmilərdən birinin sözlərinə görə, prezident passiv qalmaq istəmir, o, təzyiq göstərmək və nəticədə İranla razılaşmaya nail olmaq istəyir.

Bildirilir ki, bazar ertəsindən etibarən ABŞ Hərbi Dəniz Qüvvələri ABŞ bayrağı altında üzən gəmilərə və digər kommersiya gəmilərinə Hörmüz boğazından keçid zamanı yardım edəcək. Bu yardım minalardan yayınma üzrə məsləhətlərin verilməsi və mümkün hücumlara qarşı hazır vəziyyətdə olmaqdan ibarət olacaq.

ABŞ rəsmiləri hazırda tammiqyaslı hərbi müşayiət planının olmadığını vurğulayırlar. Bunun əvəzində hərbi gəmilər və ABŞ aviasiyası bölgədə yaxın məsafədə yerləşərək operativ reaksiya verməyə hazır saxlanılacaq.

Trampa yaxın mənbə bu addımları İranla mümkün qarşıdurmaya aparan prosesin başlanğıcı kimi qiymətləndirib. Mənbənin fikrincə, boğazda ilişib qalan gəmilərin “humanitar” məqsədlə azad edilməsi missiyası elə qurulub ki, İran tərəfindən hər hansı addım atılacağı halda ABŞ legitim əsaslarla cavab verə bilsin.

Ekspertlər hesab edirlər ki, layihənin gələcək taleyi əsasən İranın reaksiyasından asılı olacaq və bu, regionda hərbi-siyasi vəziyyətin kəskin şəkildə dəyişməsinə gətirib çıxara bilər.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr