AZ

“Qeyri hökumət təşkilatları da, bir növ, dövlətin...”

Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Şərq hərbi çevrilişlərin, üsyanların, Qərb siyasi sui-qəsdlərin, inqilabların coğrafiyasıdır. Yəni Şərq böyük bir kənddir, Qərb böyük bir şəhər. Niyəsini bilmək üçün maarifçilik hərəkatımın tarixinə baxmalıyıq. Britaniya alimi Conatan İzraelə görə, Avropada maarifçilik Renessansdan sonra deyil, əvvəl başlamışdı. Orta əsrlərdəki xristian teoloqlarının mübahisələri dinin hegemonluğunu zəiflədərək maarifçilik üçün zəmin hazırladı. Eyni doqma və ehkamların müxtəlif yönlərdən şərhi kilsədən cəmiyyətə sıçrayaraq gələcəyin maarifçilərini doğub böyüdəcək ictimai-sosial mühiti yaratdı”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, teoloqlar maarifçilərin babaları oldular:

“Teoloqların fikir müxtəlifliyindən əks fikirli təriqətlər, fəlsəfi cərəyanlar törədi. Ümumiyyətlə, təriqətlərin yaranması dini hegemonluğun zəifllədilməsi üçün vacib addımdır. Təriqətlər dini çürüdür. Qanlı və sözlü fikir ayrılığına səbəb olmalarına baxmayaraq, təriqətlər mədəniyyətin inkişafında irəli atılmış ibtidai addımlardır. Dinin gücünü parçalayıb onun yerinə dövlətin və sənətin keçməsinə şərait yaradırlar”. 

Onun sözlərinə görə, Qeyri-hökumət təşkilatları da, bir növ, dövlətin gücünü “parçalayan” sivil təriqətlərdir:

“Düzgün işləsələr mədəniyyətə xidmət etmiş olarlar. Avropada maarifçiliyin uğur qazanmasının bir səbəbi xristianlığın təriqətlərə, fikir ayrılıqlarına bölünməsi idisə, digər daha vacib səbəbi ingilis intellektualı Terri İqletona görə, maarifçilərin çoxunun burjua təmsilçisi olmasıydı. Düzdü, onların arasında irland əsilli Toland kimi çoban oğlu olanlar da vardı, amma dəyişim istəyi burjuadan, elit zümrədən gəlirdi. “Ensklopediya”nın ilk oxucuları varlı insanlar idi. Hətta bir çox maarifçilər - başda Volter olmaqla - maarifçiliyin xalqa dəxli olmadığını idda edirdilər. Volter deyirdi ki, xalq həmişə cahil olaraq qalacaq. Buna baxmayaraq, maarifçi ideyalar get-gedə aşağı zümrələrin də rəğbətini qazandı və xalq tanrının “ölümü” ilə barışdı”. 

Yazıçı deyib ki, Şərqdə təriqətlər öz işini gördü, amma elit zümrə dəyişim istəmədi:

“Maarifçilik yoxsulun istəyi oldu. Kitabları yoxsullar oxudular. Varlılar peyğəmbərin, imamın arxasında gizlənib pul saydılar.Gələk üsyanlara və inqilablara. Qərbdə ağa və təbəə arasında qədim Roma ənənəsi vardı. Təbəə ağadan sərt qaydalarla ayrılırdı, onun ağası ilə hər hansı bir ortaq haqqı yox idi. Şərqdə isə ağa və təbəə “Qurbanəli bəy” hekayəsində olduğu kimi zarafatlaşa da bilərdi. Şərqin ağası yalnız puluna görə təbəəsindən üstün idi. Ona görə də Qərbdə haqq uğrunda inqilablar, Şərqdə vergilərin azaldılması və s. uğrunda üsyanlar baş verdi. Qərbli haqq tələb edəndə, şərqli vergilərin azaldılmasını tələb etdi. Qərblinin Böyük Fransa inqilabı ilə əldə etdiyi insan haqları heç bu gün də şərqli üçün cəlbedici deyil”. 

A.Yenisey bildirib ki, ən son İran iğtişaşları belə rejimin boğduğu insan (xüsusilə qadın) haqları uğrunda deyil, bazarda pulun dəyər itirməsinə görə alovlanmışdı:

“Hərbi çevrilişlərə və sui-qəsdlərə gəlincə. Maarifçilik sosial həyatın yükünü dindən alıb dövlətin və sənətin üstünə qoyduğu üçün Qərbdə yeni idarəetmə fəlsəfəsi formalaşdı. Problem vardısa, sistemdə deyildi, şəxslərdə idi, ona görə şəxsi aradan götürmək yetərdi ki, sistem rahat işləsin. Şərqdə bu proses getmədiyi üçün hər dəfə sistemi yenidən qurmaq gərəkirdi. Eyni zamanda hər dəfə də köhnə sistemi yıxmalıydın ki, yenisini qura biləsən. Şərq haqqında bu dediklərim xeyli Afrika ölkəsinə də aid edilə bilər. Kiplinq belə-belə işlərə görə deyirdi ki, Şərq heç vaxt Qərb, Qərb heç vaxt Şərq olmayacaq”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
adalet.az

2Mənbələr