AZ

Rusiya sərhədi yaxınlığında Finlandiyanın hərbi təlimlərinin sayı artıb

Finlandiyanın Rusiya ilə sərhəd yaxınlığında keçirdiyi hərbi təlimlərin miqyası ölkənin NATO-ya üzvlüyündən sonra əhəmiyyətli dərəcədə artıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  bunu Rusiyanın Təhlükəsizlik Şurası açıqlayıb.

Məlumata görə, Finlandiyanın Müdafiə Nazirliyi aprelin 29-da Finlandiya körfəzinin akvatoriyasında və sahil zonasında hərbi təlimlərin keçiriləcəyini elan edib. Təlimlər Virolahdi—Hamina—Kotka yaşayış məntəqələri ərazisində, Rusiya sərhədinə yaxın bölgədə baş tutacaq. Təlimlərdə Finlandiya Hərbi Dəniz Qüvvələrinin sahil müdafiə briqadasının şəxsi heyəti iştirak edəcək. Manevrlərin iki mərhələdə mayın 29-dək davam edəcəyi bildirilir. Bu müddətdə sahil ərazilərində döyüş mövqelərinin qurulacağı və təlimlərdən sonra da saxlanılacaq istehkamların inşa ediləcəyi qeyd olunur.

Bundan əlavə, Finlandiyanın 2021-ci ildə ABŞ-ın “Lockheed Martin” şirkəti ilə 64 ədəd F-35A “Lightning II” qırıcı təyyarəsinin alınmasına dair təxminən 10 milyard dollarlıq müqavilə imzaladığı bildirilir. Müqavilənin 2026–2030-cu illərdə icrası planlaşdırılsa da, ABŞ-ın yeni tarif siyasəti səbəbindən prosesin gecikə biləcəyi və dəyərin 2030-cu ilə qədər 850 milyon dollar arta biləcəyi iddia olunur. Həmçinin Helsinkinin ABŞ-dan GBU-53B “StormBreaker” aviasiya bombaları və AGM-158 tipli raketlər alması planlaşdırdığı qeyd edilir.

2025-ci ilin noyabrında Finlandiyanın şimalında “Northern Strike 225” adlı artilleriya təlimləri keçirilib. Təlimlərdə 2,5 min hərbi qulluqçu və 500 hərbi texnika iştirak edib və Rusiya sərhədindən təxminən 100 km məsafədə həyata keçirilib. 2026-cı ilin aprelində isə Böyük Britaniyanın bir sıra müttəfiqlərlə birlikdə Rusiyaya qarşı hazır vəziyyətdə olacaq “şimal dəniz qüvvələri” adlı yeni dəniz hərbi əməkdaşlıq təşəbbüsü yaratmaq planı açıqlanıb. Bu qüvvələrin Finlandiya da daxil olmaqla 10 Avropa ölkəsindən ibarət Birgə Ekspedisiya Korpusu (JEF) əsasında formalaşdırılacağı bildirilir.

Seçilən
1
ikisahil.az

1Mənbələr