AZ

Erməni arvadlar Bakıya niyə CAN atır? – HİYLƏ

Hərbi cinayətlərə görə Bakıda keçirilən məhkəmə nəticəsində azadlıqdan məhrum edilən Ermənistan vətəndaşlarının ailələri Azərbaycana gəlmək istəyirlər. Xəbər verdiyimiz kimi, bu barədə Ermənistan Jurnalistlər Birliyi tərəfindən təşkil olunan “Ermənistanın səsləri” konfransında erməni dustaqların Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Siranush Saakyan bildirib.

Onun sözlərinə görə, məsələ xüsusilə vizaların alınması və sərhədin təhlükəsiz keçidi ilə bağlıdır. Bunun üçün onlara dövlət dəstəyi və təminatlar lazımdır. “Əgər dövlət dəstəyi olmasa, ailələr öz imkanları hesabına Bakıya gedə bilməz”, – deyə Saakyan qeyd edib. O bildirib ki, problem ictimai şəkildə qaldırılsa da, hələlik müsbət reaksiya yoxdur. Bununla yanaşı, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər həyata keçirirlər.

Araik

“Düşünürük ki, bu model saxlanılan şəxslərin ailələrinin hüquqlarının qorunması üçün də tətbiq edilməlidir. Bizim üçün xüsusilə Ermənistan hakimiyyətinin reaksiyası vacibdir”, – deyə o vurğulayıb.
Tutaq bu adamların Bakıya gəlməsinə izn verildi, bu nəyi dəyişəcək? Ermənilər niyə israr edir? Burda yeni bir erməni məkri yoxdur ki?

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, ermənilər bu cür müxtəlif təbliğat üsullarından istifadə etməyə çalışırlar: “Onlar Azərbaycanda cinayət törədib həbs olunan və ya “ölmüş” erməniləri belə təbliğat vasitəsinə çevirmək istəyirlər. Bu mövzunu müxtəlif beynəlxalq platformalarda da gündəmə gətirirlər. Bilirsiniz ki, Fransa prezidenti Makron da bu məsələlərə “özünəməxsus” münasibət bildirir. Avropa Parlamenti də bəzi qətnamələrində bu mövzunu qaldırır. Amma bu, erməni təbliğatının nəticəsi kimi yox, daha çox Azərbaycana qarşı qara yaxmaq və ölkəni beynəlxalq ictimaiyyətin gözündən salmaq cəhdidir. Azərbaycan isə öz mövqeyini açıq şəkildə ortaya qoyur və bildirir ki, cinayət törədənlər cəzalarını almalıdırlar və alırlar da. Azərbaycan bu məsələdə sona qədər öz mövqeyində dayanır. Burada heç bir güzəşt ola bilməz. İndi isə belə bir cəhd edirlər ki, həbsdə olan şəxslərin yaxınları və ailələri gəlib müəyyən görüşlər keçirsinlər və bunu da siyasi şouya çevirsinlər. Amma bunun heç bir mahiyyəti yoxdur”.

Akif

A.Nağı qeyd edib ki, Azərbaycan hökuməti bu cür şouların yaradılmasına imkan vermir və bunun mənası da yoxdur: “ Əgər hansısa məqamda müəyyən şərtlər nəzərə alınarsa və onların gəlməsinə şərait yaradılarsa belə, bu, onların niyyətlərini dəyişmir. Onların məqsədi səmimi deyil. Əgər gəlmək istəyirlərsə, Azərbaycan əsirləri və Xocalı ilə bağlı faktları da bilməlidirlər. Onların yaxınları qarşısında Xocalı şəhidlərinin ailələri də dayana bilər və soruşa bilər ki, məqsədləri nədir. Bu addımlar Azərbaycan dövlətinə qarşı yönəlib və bunun səbəbi də bəllidir. Bugünkü reallıqdan geri çəkilsələr də, əvvəlki xəyallarla yaşayırlar və bu cür şou cəhdlərinə əl atırlar. Azərbaycan dövləti öz haqlı mövqeyində sona qədər dayanır və dayanmalıdır”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
36
3
musavat.com

4Mənbələr