AZ

Okamponun fəaliyyəti daha geniş informasiya-siyasi kampaniyanın tərkib hissəsi kimi görünür ŞƏRH

Bakı, 4 may, AZƏRTAC

Son illərdə beynəlxalq hüquq yalnız tənzimləyici mexanizm kimi deyil, həm də siyasi məqsədlər üçün istifadə olunan alət kimi çıxış etməyə başlayıb. Bu tendensiya xüsusilə yeni geosiyasi reallıqların formalaşdığı həssas regionlarda daha aydın müşahidə olunur. Cənubi Qafqaz bu baxımdan xüsusi diqqət mərkəzindədir. Məhz bu kontekstdə Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun fəaliyyəti diqqət çəkir və onun çıxışları peşəkar hüquqi yanaşma çərçivəsindən kənara çıxaraq ciddi suallar doğurur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Okampo vəzifəsindən ayrıldıqdan sonra daha çox ictimai şərhçi kimi çıxış etsə də, onun bəyanatlarının məzmunu açıq şəkildə siyasi çalar daşıyır. Qarabağla bağlı postmünaqişə vəziyyətinə dair mövqeyində isə o, birtərəfli yanaşma sərgiləyərək hüquqi baxımdan son dərəcə həssas terminologiyadan istifadə edir. Halbuki bu cür qiymətləndirmələr yalnız geniş sübut bazası və beynəlxalq hüquqi prosedurlar çərçivəsində verilə bilər.

Milli Məclisin deputatının fikrincə, əsas problem ondan ibarətdir ki, bu iddialar heç bir institusional araşdırma aparılmadan, prosessual təminatlar olmadan və səlahiyyətli beynəlxalq qurumların iştirakı olmadan səsləndirilir. Nəticədə hüquqi qüvvəyə malik olmayan, lakin ictimai rəyə təsir göstərmək üçün istifadə edilən “kvazi-hüquqi rəy” formalaşdırılır.

Məsələnin digər tərəfi isə Okamponun fəaliyyətinin yalnız bəyanatlarla məhdudlaşmamasıdır. Mediaya sızan materiallar onun beynəlxalq institutlara, o cümlədən Avropa İttifaqı strukturlarına təsir mexanizmlərinin müzakirəsində iştirak etdiyini göstərir. Bu müzakirələrdə insan hüquqları mövzusunun siyasi təzyiq alətinə çevrilməsi, həmçinin Azərbaycanla bağlı qərarların formalaşdırılmasına təsir göstərilməsi kimi məsələlər ön plana çıxır.

"Daha diqqətçəkən məqam isə bu proseslərdə regiondaxili siyasi məsələlərin, o cümlədən Ermənistandakı daxili siyasi vəziyyətin də gündəmə gətirilməsidir. Bu isə Okamponun fəaliyyətinin hüquqi ekspertiza çərçivəsindən çıxaraq siyasi proseslərə təsir cəhdləri ilə müşayiət olunduğunu göstərir. Onun ritorikası da xüsusi diqqət tələb edir. Emosional və hüquqi baxımdan ağır terminlərin geniş istifadəsi beynəlxalq auditoriyada rezonans doğursa da, hadisələrin obyektiv qiymətləndirilməsinə xidmət etmir. Əksinə, mürəkkəb postmünaqişə reallığı sadələşdirilərək birtərəfli təqdim olunur", - deyən Sevinc Fətəliyeva vurğulayıb.

Deputat hesab edir ki, ümumilikdə bu yanaşma beynəlxalq hüququn siyasiləşdirilməsi meylinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Halbuki beynəlxalq hüquq sübutlara, prosedurlara və neytrallığa əsaslanmalıdır. Onun selektiv və məqsədli şəkildə tətbiqi isə hüquqi mexanizmlərin etibarlılığına ciddi zərbə vurur.

O qeyd edib ki, bu prosesdə müxtəlif lobbi və diaspor şəbəkələrinin rolu da nəzərə alınmalıdır. Qərb siyasi və ekspert dairələrində fəal olan bu strukturların regionla bağlı gündəliyin formalaşmasına təsiri məlumdur. Bu baxımdan Okamponun fəaliyyəti daha geniş informasiya-siyasi kampaniyanın tərkib hissəsi kimi görünür. Belə yanaşmalar təkcə ayrı-ayrı dövlətlərin imicinə deyil, bütövlükdə regionun sabitliyinə risk yaradır. Cənubi Qafqaz hazırda postmünaqişə dövrünün yeni mərhələsinə qədəm qoyur. Münasibətlərin normallaşması, kommunikasiyaların açılması və uzunmüddətli sülhün təmin olunması əsas prioritetlər sırasındadır. Bu şəraitdə hüququn siyasiləşdirilməsi və birtərəfli yanaşmaların təşviqi bu prosesləri ləngidə bilər.

Azərbaycanın mövqeyi isə prinsipialdır: beynəlxalq hüquq suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanmalıdır. Bu prinsiplərdən kənara çıxan istənilən yanaşma beynəlxalq hüququn mahiyyətinə ziddir. Luis Okampo ilə bağlı vəziyyət daha geniş bir problemin göstəricisidir - hüquq, siyasət və informasiya müstəvisinin bir-birinə qarışması. Hüquqi terminlərin prosedurlardan kənarda istifadəsi və ekspert statusunun siyasi məqsədlər üçün alətə çevrilməsi beynəlxalq sistem üçün təhlükəli tendensiyadır.

"Məsələ yalnız bir şəxsin fəaliyyəti ilə məhdudlaşmır. Söhbət beynəlxalq münasibətlər sisteminin əsasını təşkil edən obyektivlik, neytrallıq və hüquqi legitimliyin qorunmasından gedir. Bu prinsiplərin saxlanılması həm regionda, həm də qlobal miqyasda davamlı və ədalətli sülhün təmin olunması üçün vacib şərtdir. Cənubi Qafqaz bu gün xarici təsir və siyasi manipulyasiyalardan daha çox real əməkdaşlıq və sülh təşəbbüslərinə ehtiyac duyur. Beynəlxalq hüququn siyasi konjonkturadan asılı olmayaraq qorunması isə bu prosesin uğurla davam etməsinin əsas şərtlərindən biridir", - deyə deputat diqqətə çatdırıb.

Seçilən
2
1
azertag.az

2Mənbələr