AZ

Met Gala 2026: Necə izləmək olar, biletlərin qiyməti və bu ilin mövzusu

Geyimlər tikilib, zinət əşyaları cilalanıb və New York City-də saç ustaları və vizajistlər Met Gala 2026 ərəfəsində tam şəkildə bron edilib.

Təxminən 450 A siyahısına daxil qonaq ilin moda dünyası üçün ən böyük gecəsi hesab olunan tədbirə bir qədər sonra gəlməyə başlayacaq. Tədbirdən əldə olunan vəsait Metropoliten İncəsənət Muzeyinin Kostyum İnstitutuna yönəldilir. Bu il keçirilən qala gecəsinin həmsədrləri Beyonse, Nikol Kidman və Venus Uilyamsdır. Tədbirin dress-kodu isə belədir: “Moda incəsənətdir”.

Budur, bu ilin “modanın Super Bowl-u (Super Kuboku) ” hesab olunan tədbiri haqqında bilməli olduğunuz əsas məqamlar:

2026 Met Gala-nın mövzusu nədir?

Bu ilin mövzusu muzeyin yeni sərgisinin adını daşıyan “Kostyum incəsənəti”dir. Sərgidə 5 min illik bir dövrü əhatə edən 400 geyim və müxtəlif eksponatlar nümayiş etdiriləcək. Qala gecəsinin dress-kodu “Moda incəsənətdir” kimi müəyyənləşdirilib və qonaqlar modaya bədənin üzərində ifadə olunan bir sənət forması kimi yanaşmalarını nümayiş etdirməyə, həmçinin incəsənət tarixində geyim obrazlarının təsvirlərini qeyd etməyə dəvət olunurlar.

Bəzi ulduzların müxtəlif dövrlərə aid məşhur incəsənət cərəyanlarına və üslublarına istinad etməsi gözlənilir. Məsələn, Vogue jurnalının qeyd etdiyi kimi, podiumlarda görünən bəzi obrazlar gecədə də təkrarlana bilər. Geyimlərdə barokko, impressionizm və ya renessans üslublarına istinadlar ola bilər, hətta konkret rəsm əsərlərinə birbaşa işarələr də mümkündür.

Lakin adətən olduğu kimi, Met Gala mövzusu o qədər genişdir ki, müxtəlif cür şərh oluna bilər. Bu səbəbdən qırmızı xalçada çox fərqli və yaradıcı görünüşlərin şahidi olacağımız gözlənilir.

Kim ev sahibliyi edir?

Met Gala-nın əsas təşkilatçısı və sədri olan Anna Vintur bu il gecənin həmsədrləri kimi Beyonse, Nikol Kidman və Venus Uilyamsı seçib.

Bu, Beyonsenin 2016-cı ildən sonra ilk dəfə Met Gala-da iştirakı olacaq. O, həmin il texnologiya mövzulu tədbirdə futuristik geyimlə diqqət çəkmişdi.

Bu ilin təşkilat komitəsinə Sabrina Karpenter, Doja Ket, Teyana Teylor, Blackpink qrupundan Liza, Elizabet Debiki, Lena Danhem daxildir. Komitəyə isə Entoni Vakarello və Zoe Kravits rəhbərlik edir. Tədbir rəsmi olaraq Metropoliten İncəsənət Muzeyinin Kostyum İnstitutunun yaz sərgisinin açılışını edir. Bu sərgi institutun əsas maliyyə mənbəyi hesab olunur və 2027-ci ilin yanvarına qədər davam edəcək.

Met Gala nə vaxt keçirilir?

Ənənəyə uyğun olaraq, Met Gala may ayının ilk bazar ertəsi günü keçirilir. Qonaqların gəlişi təxminən saat 18:00-dan başlayır.

Qonaq siyahısı əvvəlcədən açıqlanmır, lakin gecədə çox sayda məşhur simanın iştirak edəcəyi gözlənilir. İctimaiyyət tədbirin daxili hissəsini görmür. Qonaqlara şam yeməyi, kokteyllər, canlı musiqi təqdim olunur və onlar muzeyin yeni sərgisi ilə tanış olurlar. Tədbirin eksklüzivliyinə və içəridə sərt “selfi qadağası”na baxmayaraq, əvvəlcədən təşkil olunan uzun qırmızı xalça mərasimi geniş media işıqlandırmasını təmin edir.

Digər tədbirlərin təqdimatı da çox vaxt Met Gala ətrafında qurulur. Məsələn, ötən həftəsonu The Devil Wears Prada 2 (Şeytan Prada geyinir 2) filminin təqdimatı təsadüfi tarixə salınmayıb. İyirmi il əvvəl moda sənayesini yumorla təsvir edən məşhur The Devil Wears Prada filmi qismən Anna Vinturun Vogue jurnalının redaktoru olduğu dövrdən ilhamlanıb.

Met Gala-nı necə izləmək olar?

Vogue jurnalı yenə də qırmızı xalçadan canlı yayımı təşkil edəcək.

Bu il yayımın aparıcıları Eşli Qrem, Kara Delevin və La La Entoni olacaq. Emma Çemberlen isə jurnalın qırmızı xalça müxbiri kimi geri qayıdır.

Yayım Vogue-un rəqəmsal platformalarında, həmçinin YouTube və TikTok üzərindən canlı yayımlanacaq. Bundan əlavə, bir çox xəbər platforması Instagram və TikTok kimi sosial şəbəkələrdə öz canlı yayımlarını təqdim edəcək. BBC News saytı da tədbiri işıqlandıracaq və məşhurlar qırmızı xalçaya gəldiyi müddətdə canlı yenilənən səhifə təqdim edəcək.

Met Gala biletlərinin qiyməti...

Met Gala kifayət qədər məhdud sayda dəvətli qonaqlar üçün təşkil olunan eksklüziv tədbirdir – adətən təxminən 450 nəfər iştirak edir.

Məlumatlara görə: masaların qiyməti 350 min dollardan başlayır. Fərdi biletlər isə təxminən 75 min dollar təşkil edir Lakin məşhurların çox az hissəsi bileti özü alır. Adətən onları moda brendləri dəvət edir və qonaq kimi qəbul edir. A sinifli ulduz həmin brendin geyimini geyinib onların masasındakı yerini tutduqda, bu, şirkət üçün böyük reklam effekti yaradır və yüksək xərci əsaslandırır. Bununla belə, xərci moda evləri qarşılasa da, dəvət olunacaq hər bir qonaq mütləq “moda kraliçası” kimi tanınan Anna Vintur tərəfindən təsdiqlənməlidir.

1995-ci ildən bəri Met Gala-nın sədri olan və Condé Nast nəşriyyatının məzmun rəhbəri kimi fəaliyyət göstərən Anna Vintur bütün dəvətləri şəxsən təsdiqləyir.

Aytən Feyzili,
BSU-nun tələbəsi

Seçilən
42
ikisahil.az

1Mənbələr