“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnfiormasiya İctimai Birliyi Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” mövzusunda layihənin icrasına başlayır.
Turkustan.az xəbər verir ki, layihə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, habelə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi ilə əlaqədar piyada təhlükəsizliyinin prioritet olduğunu vurğulamaq məqsədilə həyata keçiriləcək. Layihənin əsas hədəfi müasir dövrdə insan yönümlü şəhər konsepsiyasının detallarını, onun praktiki əhəmiyyətini cəmiyyətin və bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının diqqətinə çatdırmaqdır.
Layihə çərçivəsində piyada təhlükəsizliyi ilə bağlı real vəziyyəti göstərən və görülməli işləri qabardan bir sıra tədbirlərin icrası nəzərdə tutulub. Bu istiqamətdə əvvəlcə küçələrdəki piyada infrastrukturuna həsr edilən, habelə yollarda təhlükəsiz davranışı təbliğ edənı flaşmob keçiriləcək. Flaşmob “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birlikdə həyata keçiriləcək.
Daha sonra Bakıda və Azərbaycanın digər şəhərlərində piyada təhlükəsizliyi səviyyəsi, xüsusəndə səkilərin, piyada keçidlərinin vəziyyəti, küçələrin işıqlandırılması kimi mövzularda ictimai müzakirələr keçiriləcək. İctimai müzakirələr radio verilişləri formatında, habelə mütəxəssislər və media nümayəndələrinin iştirak etdiyi konfransda təşkil olunacaq.
Layihənin icrasının yekununda piyada təhlükəsizliyinin yüksəldilməsinə yönələn bir sıra konkret təkliflər hazırlanaraq səlahiyyətli dövlət qurumlarına təqdim ediləcək. Həm yol hərəkəti qaydalarında piyada təhlükəsizliyini artıracaq təkliflər, həm də küçə və prospektlərdə təhlükəsiz piyada keçidlərinin təşkili ilə bağlı təkliflər irəli sürüləcək. Həmin təkliflərin icrası, habelə layihə üzrə maarifləndirici tədbirlər və digər yaşayış məntəqələrində piyada təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verə bilər.