AZ

Revanşist Oskanyan Zelenskinin İrəvan səfərinə qarşı çıxdı

Ermənistanda keçmiş hakimiyyətin nümayəndələrindən biri olan və revanşist mövqeyi ilə tanınan sabiq xarici işlər naziri Vardan Oskanyan növbəti dəfə hakimiyyətə qarşı ittihamlarla çıxış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Oskanyan Avropa Siyasi Birliyinin sammiti və bu çərçivədə Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakını tənqid edib. O, iddia edib ki, belə bir sammit Ermənistanın xarici siyasətinin “balanssızlığını” daha açıq göstərə bilər.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hakimiyyətə 2018-ci ildə beynəlxalq tədbirlərlə başlayıb və bu kursu eyni formada davam etdirir. Paşinyanın xarici siyasətini kəskin tənqid edən Oskanyan hesab edir ki, bu istiqamət Ermənistanın dövlət maraqlarının qorunmasına yox, daha çox daxili auditoriya üçün siyasi divident qazanmağa xidmət edir.

Onun iddiasına görə, “Ermənistan Avropaya aparılır” şüarına baxmayaraq, real nəticə əldə etməyib. Oskanyanın fikrincə, ölkə son illərdə əksinə, geosiyasi qarşıdurma meydanına çevrilib və bu prosesdən Ermənistanın heç bir faydası yoxdur. Ardınca deyib ki, bu kurs nəticəsində təhlükəsizlik sistemi zəifləyib və ciddi itkilər baş verib. Sabiq nazir həmçinin qeyd edib ki, Avropa ilə münasibətlərdə də ciddi irəliləyiş yoxdur və hətta viza liberallaşdırılması kimi əsas məsələlərdə belə nəticə əldə olunmayıb.

Daha sonra o bildirib ki, Avropa İttifaqı ilə əlaqələrin inkişafı vacib olsa da, hazırkı hakimiyyət bu istiqamətdə uğur qazana bilməyib və yalnız ritorika ilə kifayətlənir. Oskanyan habelə Avropa Siyasi Birliyi sammitinin xüsusilə Zelenskinin iştirakı fonunda Ermənistanın xarici siyasətindəki problemləri daha da qabarda və iqtisadi, həmçinin təhlükəsizlik baxımından riskləri artıra biləcəyini deyib.

Qeyd edək ki, Oskanyanın təmsil etdiyi siyasi düşərgə uzun illər Rusiyaya bağlı xətt yürüdən və Moskvanın regiondakı maraqlarına xidmət edən qüvvələr kimi tanınıb.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr