Metro və avtobuslarda yayxanıb oturan sərnişinlər cəzalanacaq.
Paytaxt ərazisində ictimai nəqliyyat və metrodan istifadə edən sərnişinlər uyğunsuz davranışlar etdikləri halda, cəzalana bilərlər. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində bu hərəkətlər "xırda xuliqanlıq” adlanır. Belə davranan sərnişinlərə qarşı cərimələr və ya 15 günə qədər həbs cəzası tətbiq edilə bilər. Beləliklə, ictimai nəqliyyatda belə qeyri-etik davranışlara rəsmən son qoyuldu...
Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, metro təkcə ictimai nəqliyyat vasitəsi deyil:
“Metro həm də şəhər mədəniyyətinin, ən müxtəlif sosial qrupların ictimai davranış qaydalarının nümayiş olunduğu yerdir. Ziyalı, tələbə, fəhlə, biznesmen - ən müxtəlif sosial təbəqələri əhatə edən milyonlarla insan hər gün metrodan istifadə edir. Metroda davranış qaydaları, insanların bir-birinə münasibətləri, əxlaq və etika qaydalarına necə riayət olunması həm də cəmiyyətin səviyyə və keyfiyyət göstəricisi kimi də qiymətləndirilməlidir. “Hər kəs öz mədəniyyətini, səviyyəsini nümayiş etdirir” prinsipi həm də ümumi cəmiyyətin sosial güzgüsüdür. Çox təəsüflər olsun ki, son illər metro nəqliyyatında davranış və ədəb qaydalarının get-gedə pozulmasının, xalqımıza aid olan böyük-kiçik adətlərinin arxa plana keçdiyinin şahidi oluruq. Xüsusilə bu yeraltı dünyada özünü apara bilməyənlərin ictimai narazılıq yaradan hərəkətləri haqlı olaraq insanlarda ikrah hissi yaradır”.
Həmsöhbətimiz qeyd edib ki, ictimai yerlərdə nəzakət ən çox axtardığımız etiket qaydasıdır:
“Xüsusilə metroda olan zaman başqasının telefonuna boylanmaq, mesajlarını oxumaq, böyüklərin ayaqüstə durduğu yerdə oturmaq ədəbli insanın işi deyil. Bir anlığa hər gün metroda yaşananları gözünüzün önünə gətirin: qapılar açılır və sərnişinlər metrodan çıxmaq əvəzinə, vaqona minmək üçün bir-birini əzərək içəri girməyə çalışırlar. Bir tərəfdən çıxmağa çalışan sərnişinlər, o biri tərəfdən isə içəri girmək istəyənlər arasında yaranan xaos mənzərəsi...
İnsanların bir-birini itələməsi, tələsik addımlarla özlərinə yer etməyə çalışmaları demək olar ki, hər gün metro stansiyalarında rast gəlinən mənzərədir. Bu cür davranış sadəcə fiziki narahatlığa səbəb olmaqla qalmır, həm də cəmiyyətin əxlaqi normalarına hörmətsizlik kimi başa düşülür. Ən pis fakt isə çoxlarının oturuş qaydalarına məhəl belə qoymaması, qadın və qocaların qarşısında yayxanıb oturması ən pis ədəbsizlik dərəcəsi sayılmalıdır”.
Onun sözlərinə görə, belələrinin inzibati cəriməyə cəlb olunması bir yandan başqalarına dərs olmalı prosesdir, digər tərəfdən ictimai nəqliyyatda davranış qaydaları barədə insanların maarifləndirilməsinin zəruri olduğunu da ortaya çıxarır:
“Təkcə cərimə etməklə məsələ həll olunmur. İlk növbədə insanların şüurunda dəyişiklik etmək, davranış qaydaları baxımından onları maarifləndirmək inzibati cərimədən qat-qat vacib məqamdır”.
Günel Cəlilova
