AZ

"Yüksək bal toplayanların sayı əhəmiyyətli dərəcədə azalır" - EKSPERT DANIŞDI

"İmtahanlarda aşağı nəticə göstərən abituriyentlərin sayının artmasının əsas səbəbi, əlbəttə ki, sualların çətinlik səviyyəsi ilə bağlıdır. Bu məsələni biz daha əvvəl də qeyd etmişdik. Xüsusilə martın 9-da keçirilən buraxılış imtahanında sualların kifayət qədər çətin olması, bəzi riyaziyyat və Azərbaycan dili tapşırıqlarında problemlərin mövcudluğu, həmçinin vaxt aparan sualların çoxluğu nəticələrə birbaşa təsir göstərdi".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

O bildirib ki, statistikaya baxdıqda bunu açıq şəkildə görmək mümkündür. Məsələn, ötən il buraxılış imtahanında 45 nəfər maksimal 100 bal toplamışdısa, bu il bu rəqəm cəmi 11 nəfər olub: "Bu, təxminən dörd dəfə azalma deməkdir və kifayət qədər ciddi fərqdir.

Bu fərq yalnız maksimal bal toplayanlarda deyil, ümumi nəticələrdə də özünü göstərir. Yəni yüksək bal aralığında olan abituriyentlərin sayında da azalma müşahidə olunur. Məsələn, ötən il 250–300 bal aralığında müəyyən sayda abituriyent var idisə, bu il həmin sayın təxminən dörddə bir qədər azalması ehtimalı yüksəkdir.

Əgər qarşıdan gələn blok imtahanlarının çətinlik səviyyəsi də ötən illə eyni olarsa, bu zaman ümumi balların aşağı düşməsi qaçılmaz olacaq. Xüsusilə beşinci ixtisas qrupu və kolleclərə qəbul üzrə balların azalması daha çox hiss edilə bilər.

Təbii ki, bu mərhələdə qəti fikir bildirmək tam mümkün deyil. Çünki blok imtahanlarının səviyyəsi hələ məlum deyil. Amma əvvəlki illərlə eyni çətinlik davam edərsə, nəticələrin də buna uyğun olacağı gözlənilir.

Burada vacib bir məqamı da qeyd etmək lazımdır. Buraxılış imtahanları yalnız universitetə qəbul olmaq istəyənlər üçün deyil. Bu imtahanda xaricdə təhsil almaq istəyənlər, sadəcə attestat qiymətini yaxşılaşdırmaq istəyənlər, kolleclərə qəbul olanlar, həmçinin müxtəlif ixtisas istiqamətlərini seçən abituriyentlər iştirak edir.

Bu səbəbdən hesab edirəm ki, buraxılış imtahanları mümkün qədər daha balanslı və əlçatan səviyyədə hazırlanmalıdır. Çox çətin suallar ümumi nəticələrə mənfi təsir göstərir və geniş abituriyent kütləsi üçün əlavə çətinlik yaradır.

Ümid edirik ki, növbəti illərdə bu məqamlar daha çox nəzərə alınacaq".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
46
1
sia.az

2Mənbələr