AZ

Biz balıqçılar bu xəstəliyə tutulmuruq... Qoca və dəniz dən bir hissə

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

1953-cü il mayın 4-də ədəbiyyat üzrə Nobel mükafatçısı Ernest Heminqueyin "Qoca və dəniz" əsəri Pulitzer Mükafatına layiq görülmüşdü və Nobel Komitəsi 1954-cü ildəədəbiyyat üzrə Nobel Mükafatının Heminqueyə verilməsinə təsiri olduğunu xüsusi qeyd etmişdi.

Kulis.az əsərdən bir hissəni təqdim edir.

Qoca dediklərini indiyəcən azı min dəfə sübut etmişdi, ancaq onun bu vaxta qədər etdikləri indikinin yanında heç nə idi. İndi bu təzə hadisə ilə dediklərini bir də təsdiq edəcəkdi. Keçənə güzəşt deyib düşündü: “Balıq yatsaydı, əcəb yaxşı olardı. Bir az gözümü yumub yuxuda şirləri görmək istərdim. Görəsən, bu günəcən həyatda rastlaşdığım şeylərdən ən çox yadımda qalanı niyə şirlərdir?”

Özünə xitabən dedi: “Qoca, bəsdir fikirləşdin, başını az yor. Kürəyin taxtaya söykəyib bir az dincəl, özün də heç nə düşünmə! Bu dəqiqə balıq öz canının hayındadır, heç olmasa, həmin müddətdə sən də canının dərdini çək”.

Günəş artıq qüruba hazırlaşırdı. Qayıq aramla, əvvəlki istiqamətdə üzürdü. Şərqdən əsən külək qayığı qabağa itələyirdi.

Xırda ləpələr oynadıqca qayığı atıb-tutur, qocanı da yüngül-yüngül yırğalayırdı; amma çiynində tarım saxladığı tilov ipi onun kürəyini bərk ağrıdırdı. Birdən ip təzədən üzə çıxmağa başladı. İntəhası balıq bir azca yuxarı qalxsa da, üzməyi yenə eyni tərzdəydi.

Günəş indi qocanın sol çiynini, qolunu və kürəyini yandırırdı. Bunu hiss edəndə başa düşdü ki, səmt dəyişib, balıq indi şimal-şərqə üz tutub. Qoca artıq bir dəfə balığı gördüyündən indi suyun altında onun bənövşəyi döş üzgəclərini qanad kimi geniş açdığını, yekə quyruğunu aramsız tərpədərək suları necə yardığını aydın təsəvvür edə bilirdi. Düşündü ki:"Maraqlıdır, görəsən, belə bir dərinlikdə balıq nəsə görüb seçə bilirmi? Yamanca iri gözləri var. Atın gözləri onunkundan xırdadır, intəhası əməlli-başlı görür. Lap qatı zülməti demirəm, amma bir vaxtlar qaranlıqda mənim gözlərim də pis seçmirdi. Hər halda, pişik gözündən geri qalmazdı".

Barmaqlarını durmadan oynatması və günəşin hərarəti, axır ki, qocanın qıc olmuş sol əlinin keyini açdı: keylikdən əsər-əlamət qalmamışdı. Balığın ağırlığını qoca indi yavaşyavaş sol qoluna keçirtməyə başladı, kürəyini qançır eləmiş kəndirin ağrısını bir qədər azaltmaq üçün belini, əzələlərini oynadıb dedi:

– Balıq, əgər sən yorulmamısansa, daha sənə sözüm yoxdur, deməli, doğrudan da, çox qəribə, qeyri-adi varlıqsan.

Özü isə yorulub heydən düşmüşdü; havanın tezliklə qaralacağını, axşamın tezliklə düşəcəyini bildiyindən ayrı şeylər barədə düşünməyə çalışdı. Gran Ligas beysbol liqasını xatırladı; bu liqanı qoca beysbol liqalarından ən məşhuru hesab edirdi. Sonra yadına düşdü ki, bu gün Nyu-Yorkun “Yankilər”i Detroytun “Pələnglər”i ilə oynayacaq.

“Düz iki gündür juegos nəticələri barədə heç nə bilmirəm, – o, fikrə getdi. – Amma var gücümü toplayıb, ustad Di Macionun adına layiq iş görməliyəm. Dabanlarının döyənəyi onu bərk incitdiyi vaxtlarda da Di Macio hər şeyi əla edirdi. Görəsən, sümük döyənəyi nə olan şeydir? Biz balıqçılar bu xəstəliyə tutulmuruq.

Görəsən, bu döyənək dedikləri döyüşkən xoruzların mahmızlarının zərbəsi qədər ağrıdıcıdırmı? Yəqin ki, mən nə mahmız azarının ağrısına, nə də gözlərimin kor olmasına dözə bilməzdim. Davakar xoruzlar kimi uzun-uzadı döyüşməyə tab gətirərəm. Amma insan övladı vəhşi heyvanların, yırtıcı quşların yanında heç nədir. Mən bu saat dənizin qaranlıqlarında üzən o məxluq olmaq istərdim”.

– Amma bir şərtlə ki, köpəkbalıqları üstümə hücum çəkməsinlər, – qoca ucadan dilləndi. – Hücum çəksələr, onda Allah ya onlara verər, ya da mənə.

“Sən elə bilirsən ki, dahi Di Macio da bu balıqdan sən yapışan kimi yapışardı? – qoca özündən soruşdu. – Hə, əminəm ki, o da mənim kimi edərdi, hələ bir az da o yana keçərdi, çünki o məndən həm cavandır, həm də güclüdür. Elə onun da atası balıqçı olub... Görəsən, sümük döyənəyi o yazığı çox incidir?”

– Vallah, bilmirəm, – yenə ucadan dilləndi. – Ömrümdə sümük döyənəyi olmamışam.

Batan günəşin necə qürub etməsini seyr edəndən sonra qoca qabaqlar Kasablankada olarkən bir dəfə meyxanada zırpı bir zənciylə qol yarışına çıxdığını xatırladı. Gəmi tərsanəsində ən güclü adam sayılan bu syenfueqoslu pəzəvənglə cəngə girib kimin qolunun daha güclü olduğunu aydınlaşdırmaq istəmişdilər. Hə, onlar masa arxasında üz-üzə əyləşmişdilər, dirsəklərini də tabaşirlə cızılmış dairənin içərisində masaya dirəyib pəncə-pəncəyə vermişdilər.

Düz bir gün bir gecə beləcə qarşı-qarşıya oturub qollarını tərpətmədən qüvvələrini sınamış, güc gəlib biri o birinin qolunu əyməyə cəhd etmişdi. Həmin vaxt meyxanada olanların əksəriyyəti mərcə girmişdi. Adamlar ağ neft çırağı ilə işıqlandırılan otaqda var-gəl edirdilər.

Qoca isə gözlərini zəncinin əlindən, sifətindən, dirsəklərindən bir an belə ayırmırdı. Səkkiz saat keçəndən sonra münsiflər yoruldular: yatıb dincələ bilsinlər deyə, hər dörd saatdan bir onları dəyişdirmək qərara alındı. Hər ikisinin dırnaqlarının altından qan sızırdı, lakin heç biri gözünü o birindən çəkmirdi. Mərcləşənlər tez-tez bayıra çıxıb təzədən otağa qayıdır, divar uzunu düzülmüş kətillərdə oturub yarışın necə qurtaracağını maraqla, səbirsizliklə gözləyirdilər.

Yadındadır ki, açıq-abı rəngli taxta divarlara adamların kölgələri düşür, külək tavandan asılmış çırağı xəfif-xəfif tərpətdikcə zəncinin yekəpər kölgəsi də divarda oynayırdı...

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

Almaniyada həvəskar "arxeoloq" tarixi qalaya zərər yetirdi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
kulis.az

1Mənbələr