Əczaçılıq sahəsi ölkəmiz üçün strateji əhəmiyyət daşıyır.
Hafta.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, ölkəmizin dərman bazarı hazırda yüksək dərəcədə idxaldan asılıdır. Statistik göstəricilərə görə, yerli istehsal ümumi istehlakın cəmi 2–3 faizini təşkil edir:
“Son illərdə dərman bazarında orta illik artım təxminən 2,7 faiz olub. Dövlət dəstəyi nəticəsində ölkədə 15,7 milyon manatlıq dərman məhsulları istehsal edilir. Bu, istehsalın artdığını göstərsə də, ümumi istehlakla müqayisədə hələ də kiçik rəqəmdir.
Hazırda dərman idxalının ümumi həcmi təxminən 500 milyon dollar təşkil edir. Yerli istehsal isə bu məbləğin çox kiçik hissəsini əhatə edir. Qarşıya qoyulan əsas məqsəd istehlakın böyük hissəsini yerli istehsal hesabına təmin etməkdir”.
S.Bəşirli vurğulayıb ki, bu, təkcə iqtisadi məsələ deyil, eyni zamanda strateji hədəfdir.
“2016-cı ildə yaradılan Pirallahı Sənaye Parkında həyata keçirilən layihələrin ümumi dəyəri artıq 150 milyon dollara çatır.
Eyni zamanda, parkda və ətraf ərazilərdə yerləşən müəssisələr üzrə layihələrin dəyəri 300 milyon dollar təşkil edir. Bu göstəricilər onu deməyə əsas verir ki, artıq bu ildən başlayaraq əczaçılıq sahəsində istehsal tempi dəfələrlə artacaq. Dövlətin strateji təşəbbüsləri, yeni layihələr və investisiyalar nəticəsində yerli istehsal genişlənəcək və ölkənin dərman təminatında onun payı tədricən yüksələcək. Önümüzdəki illərdə özünütəminat səviyyəsinin hansı dərəcəyə çatması ilə bağlı müzakirələr edəcəyik. Qeyd etmək istərdim ki, əczaçılıq sənayesinə bağlı iqtisadi dəyərin formalaşması son dövrlərdə artıq real mərhələyə qədəm qoyub. 2006-cı ildə xarici əczaçılıq şirkətlərinin ölkəmizə cəlb edilməsi istiqamətində addımlar atılarkən onların bu sahəyə o qədər də maraq göstərmədiyini müşahidə edirdik.
Lakin xüsusilə 2020-ci ildən sonra ölkəmizdə əczaçılıq sahəsinə xarici maraq əhəmiyyətli dərəcədə artıb. Bu, bir tərəfdən Azərbaycanın sabit və etibarlı tərəfdaş kimi mövqeyi ilə bağlıdır. Digər tərəfdən isə beynəlxalq şirkətlər daha etibarlı və dayanıqlı mühitlərdə fəaliyyət göstərməyə üstünlük verirlər”.
O qeyd edib ki, region ölkələrində Azərbaycan istehsalı olan məhsulların ixracı üçün əlverişli imkanlar mövcuddur.
“Biz, əlbəttə ki, bu proseslərin davamlı olması üçün mütəmadi olaraq yeni təşəbbüslər irəli sürürük və müzakirələr aparırıq. Müxtəlif tərəflər tərəfindən bir sıra məsələlər qaldırılır. Bu məsələlərin məqsədi proseslərin daha şəffaf, effektiv və əlçatan olmasını təmin etməkdir.
Mövcud prosedurlar da var ki, yeni yaradılan dərman vasitələrinin qeydiyyatı, qiymətləndirilməsi və bazara çıxarılması ilə bağlı məsələlər də müzakirə mövzusu olacaq və onların həlli istiqamətində addımlar atılacaq.
Çox vacib məqamlardan biri də odur ki, Azərbaycanda əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətlər vahid platformada bir araya gələrək öz fikirlərini bölüşə bilirlər. Bu cür əməkdaşlıq və dialoq mühitinin formalaşdırılması sektorun inkişafı üçün mühüm əhəmiyyət daşıyır və gələcəkdə daha səmərəli nəticələrin əldə olunmasına imkan verəcək”.