Son günlər sosial şəbəkələrdə "Bakı Metropoliteni" QSC-də bank kartlarından müəmmalı pul çıxarılması ilə bağlı paylaşımlar geniş müzakirələrə səbəb olub. İstifadəçilər iddia edirlər ki, 2-3 gün ərzində metrodan istifadə etmədikləri halda belə, kartlarından müxtəlif saatlarda, hətta ardıcıl şəkildə vəsait silinir. Paylaşılan görüntülərdə eyni vaxt intervalında bir neçə dəfə çıxarış edildiyi də diqqət çəkir.
Eyni vaxtda kartından dəfələrlə pul tutulan Günay adlı oxucumuz da redaksiyamıza müraciət edib. O bildirib ki, məsələ ilə bağlı "Rabitəbank"la əlaqə saxlayıb. Lakin bank problemin onlarda deyil, "BakuBus" və "Bakı Metropoliteni" ilə bağlı olduğunu bildirərək həmin qurumlara müraciət etməyi tövsiyə edib.

"Bakı Metropoliteni" isə açıqlamasında bunu texniki nasazlıq nəticəsində gecikmiş ödənişlərin sonradan tutulması ilə izah etsə də, məsələ yeni suallar doğurur.
İstifadəçinin xəbəri olmadan vəsaitin silinməsi hüquqi baxımdan nə dərəcədə qanunidir? Belə hallarda kim məsuliyyət daşıyır: Bank, yoxsa xidmət göstərən qurum? Vətəndaş pulunu geri tələb etmək üçün hansı addımları atmalıdır?