
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından ticarət gəmilərinin keçidini təmin etmək məqsədilə bu gün fəaliyyətə başlayacaq "Azadlıq Layihəsi"nə dəstək verəcəyini və bu prosesdə 15 min hərbi personalın iştirak edəcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, CENTCOM "X" sosial media platformasında Prezident Donald Trampın bu gün verdiyi bəyanata istinadən boğazdan keçəcək gəmilərlə bağlı elan paylaşıb. Açıqlamada bu missiyanın həyati əhəmiyyət kəsb edən beynəlxalq ticarət dəhlizindən sərbəst keçmək istəyən ticarət gəmilərinə dəstək verəcəyi vurğulanıb.
Bu çərçivədə 15 min hərbi qulluqçu ilə yanaşı, 100-dən çox quru və dəniz vasitəsi, həmçinin idarə olunan raket esminesləri ilə sözügedən prosesə hərbi dəstək göstəriləcəyi bildirilib. CENTCOM komandanı admiral Bred Kuper İrana qarşı dəniz blokadasını davam etdirərkən bu müdafiə missiyasına verdikləri dəstəyin regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
ABŞ Dövlət Departamenti ötən həftə verdiyi açıqlamada Hörmüz boğazında dəniz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq koalisiyanın yaradılması istiqamətində addım atıldığını və Pentaqonun da bu prosesə dəstək verəcəyini bəyan etmişdi. Tramp bu gündən etibarən Hörmüz boğazında qalan və Yaxın Şərqdəki böhranla əlaqəsi olmayan neytral ölkələrə məxsus gəmilərin boğazdan keçidinə kömək etməyə başlayacaqlarını açıqlayıb.
ABŞ Prezidenti İranın, Yaxın Şərqin və ABŞ-ın rifahı naminə bu ölkələrə gəmilərini məhdud keçiddən təhlükəsiz şəkildə çıxaracaqlarını bildirdiklərini ifadə edib. Hər hansı konkret ölkə adı çəkməyən Tramp sözügedən dövlətlərin regionda baş verənlərlə heç bir əlaqəsinin olmadığını və bu əməliyyatın daha çox humanitar məqsədlər daşıdığını qeyd edib.