AZ

ABŞ Hərbi Dəniz Qüvvələri blokada zamanı İranla əlaqəli 49 ticarət gəmisini ələ keçirib

Vaşinqtonun dəniz əməliyyatları genişlənir, regionda hərbi iştirak daha da gücləndirilir...

Poliqon xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı tərəfindən yayılan məlumata əsasən, dəniz blokadasının başlanmasından bu günədək İranla əlaqəli olduğu bildirilən 49 ticarət gəmisi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılaraq istiqaməti dəyişdirilib.

Komandanlığın açıqlamasında qeyd olunub ki, həmin gəmilər blokada rejiminə uyğun olaraq marşrutlarından yayındırılıb və ABŞ qüvvələri bu tədbirlərin tam şəkildə icrasını təmin etməkdə qərarlıdır. Bildirilib ki, blokadanın məqsədi İranla əlaqəli dəniz daşımalarına nəzarəti gücləndirmək və regionda təhlükəsizlik tədbirlərini artırmaqdır.

Məlumata görə, CENTCOM-un komandanı, admiral Brad Cooper ötən gün əməliyyatda iştirak edən USS Tripoli universal desant gəmisinə baş çəkib. Səfər zamanı o, gəminin döyüş idarəetmə mərkəzi ilə tanış olub, həmçinin gəmi heyəti və dəniz piyadaları ilə görüş keçirib.

Qeyd olunur ki, hazırda United States Marine Corps blokada əməliyyatında aktiv şəkildə iştirak edir. Dəniz piyadaları İran limanlarına istiqamətlənən və ya oradan çıxan ticarət gəmilərinə abordaş əməliyyatı həyata keçirir. Bu əməliyyatlar əsasən Oman körfəzi ərazisində reallaşdırılır və hərbçilər gəmilərə helikopterlər vasitəsilə eniş edirlər.

Blokadanın təmin olunması məqsədilə ABŞ Ərəb dənizinin İranın cənub-şərq istiqamətində yerləşən hissəsində genişmiqyaslı hərbi-dəniz qruplaşması formalaşdırıb. Bu qruplaşmaya iki aviadaşıyıcı, üç böyük desant gəmisi, üzərində ekspedisiya dəniz piyadaları batalyonu yerləşən qüvvələr, 13 raket esminesi və bir neçə mina axtaran gəmi daxildir.

ABŞ Prezidenti Donald Trump bildirib ki, blokada İranla sülh razılaşması əldə olunana qədər qüvvədə qalacaq. Rəsmi Tehran isə bu addımı mövcud atəşkəs rejiminin pozulması kimi qiymətləndirir.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın bölgədə hərbi mövcudluğunu artırması və dəniz blokadasını genişləndirməsi Yaxın Şərqdə geosiyasi gərginliyin daha da artmasına səbəb ola bilər və beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyinə təsir göstərə bilər.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr