Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi İcmasının (ASİ) İrəvanda keçiriləcək 8-ci iclası ərəfəsində ATƏT-in Baş katibi Ferudin Sinirlioğlunu İrəvanda qəbul edib.
Ermənistan mediası xəbər verir ki, Paşinyan Ermənistan və ATƏT arasında əməkdaşlığın, o cümlədən müxtəlif sahələrdə ölkənin potensialının gücləndirilməsinə yönəlmiş proqramların həyata keçirilməsi vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sinirlioğlu Paşinyanı sammitin keçirilməsi münasibətilə təbrik edib. O bildirib ki, bu, Ermənistana göstərilən böyük beynəlxalq diqqətdən xəbər verir.
"Ermənistan sabit dövlətdir və bu, Baş nazir Paşinyanın, hökumətin fəaliyyətinin nəticəsidir", - ATƏT-in rəhbəri qeyd edib.
Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Onlar xüsusilə regional nəqliyyat marşrutlarının blokdan çıxarılmasına yönəlmiş layihələrə toxunublar.