Türkiyənin Birinci Liqasında mübarizə aparan “Amedspor” komandası tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, ötən gün Türkiyə Birinci Liqasında 2025/2026-cı illər mövsümünün əsas hissəsinə yekun vurulub.
“Amedspor” mövsümün sonuncu – 38-ci turunda “İğdır”ın qonağı olub. Altı qolun qeydə alındığı qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticə Diyarbəkir təmsilçisinin tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanması üçün kifayət edib.
Diyarbəkir klubu mövsümü 74 xalla 2-ci pillədə başa vurub. Daha öncə Super Liqaya yüksəlmiş “Ərzurumspor” da liderliyini qoruyaraq çempion olub. “Erokspor” isə 74 xalla üçüncü yeri tutub. Super Liqaya 3-cü vəsiqənin sahibi pley-off matçlarından sonra müəyyənləşəcək. “Çorum”, “Bodrumspor”, “Pendikspor” və “Keçiörengücü” arasında pley-off oyunlarının qalibi finalda “Erokspor”la qarşılaşacaq. Finalın qalibi isə Super Liqada çıxış etmək hüququ qazanacaq.
Qeyd edək ki, “Amedspor”un Super Liqaya yüksəlməsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da biganə qalmayıb. O, bu münasibətlə kluba təbrik ünvanlayıb:
“Növbəti mövsümdə Diyarbəkiri Super Liqada təmsil edəcək “Amedspor”u, bütün klub ictimaiyyətini və diyarbəkirli qardaşlarımı ürəkdən təbrik edir, onlara uğurlar arzulayıram”.
Birinci Liqada son 4 yeri tutmuş “Serikspor”, “Sakaryaspor”, “Hatayspor” və “Adana Dəmirspor” isə aşağı liqaya yuvarlanıblar.
Sonda onu da xatırladaq ki, Türkiyə Super Liqasında Birinci Liqaya düşməyə əsas namizədlər bunlardır:
“Karagümrük” (21 xalla 18-ci)
“Kayserispor” (26 xalla 17-ci)
“Antalyaspor” (28 xalla 16-cı)
“Eyüpspor” (28 xalla 15-ci)
“Gənclərbirliyi” (28 xalla 14-cü)
