AZ

The Times: ABŞ-nin Almaniyadan hərbçilərini çıxarması NATO-nu parçalanma həddinə çatdırıb

BAKI, 3 may. TELEQRAF

Almaniya Kansleri Fridrix Mertsin ABŞ-nin İrana qarşı müharibədə "alçaldıldığı" barədə bəyanatından sonra Pentaqonun bu ölkədən 5 000 hərbçini çıxarmaq planı NATO daxilində ciddi parçalanma riskini gündəmə gətirib.

Teleqraf xəbər verir ki, "The Times" nəşri bu addımı ABŞ-nin Avropa ilə münasibətlərinin qırılmasında kritik mərhələ kimi qiymətləndirir.

Məqalədə qeyd olunur ki, Fridrix Mertsin sözləri Avropa ilə Donald Tramp administrasiyası arasında həm İran müharibəsi, həm də qlobal təhlükəsizlik məsələlərində yaranan dərin fikir ayrılıqlarını üzə çıxarıb.

Polşanın Baş naziri Donald Tusk yaranmış vəziyyəti alyansın gələcəyi üçün ciddi təhdid adlandırıb:

“Transatlantik icma üçün ən böyük təhlükə xarici düşmənlərdən deyil, ittifaqımızın daxildən parçalanmasından qaynaqlanır”.

ABŞ-nin Avropadakı qoşunlarının keçmiş komandanı, general-leytenant Mark Hertlinq bu qərarı "düşünülməmiş reaksiya" kimi xarakterizə edərək, bunun ABŞ silahlı qüvvələrinə zərər vuracağını bildirib. Onun sözlərinə görə, Almaniyanı tərk edəcək hərbçilərin yerləşdirilməsi üçün yeni kazarmaların inşası kimi ciddi logistik problemlər yaranacaq.

Analitiklər xəbərdarlıq edirlər ki, hərbi kontingentin azaldılması NATO-nun Polşa və Baltikyanı ölkələrdəki ön müdafiə xəttini zəiflədə bilər. Bu isə Vladimir Putini alyansın möhkəmliyini yoxlamaq üçün hərbi addımlar atmağa sövq edə bilər.

Vəziyyəti çətinləşdirən digər amil isə ABŞ-nin Avropa müttəfiqlərinə silah tədarükünü təxirə salmasıdır. Pentaqon Yaxın Şərqdəki sursat ehtiyatlarını bərpa edənədək Avropa ölkələri üçün həyati əhəmiyyət kəsb edən "Patriot" raket sistemlərinin çatdırılması dondurulub.

Almaniyanın Müdafiə naziri Boris Pistorius ABŞ-nin bu qərarının gözlənilən olduğunu bildirərək, Avropa ölkələrini öz müdafiə potensiallarını gücləndirməyə çağırıb. Buna baxmayaraq, Donald Tramp çıxarılacaq hərbçilərin sayının elan olunandan daha çox olacağına eyham vurub.

Respublikaçılar Partiyasının bəzi üzvləri də bu qərara qarşı çıxaraq, Avropadakı hərbi gücün zəiflədilməsinin Kremlə "yol açacağını" və kollektiv müdafiə sistemini sarsıdacağını vurğulayıblar.

Seçilən
25
18
teleqraf.com

10Mənbələr