AZ

WSJ: Çin dron istehsalında ABŞ-ni qabaqlayıb

ABŞ dronların istehsalı və tətbiqi sahəsində əvvəlki hərbi innovasiyalarda olduğu kimi dominant mövqe əldə etməyə çalışır. Lakin bu istiqamətdə əsas problem Çinin böyük üstünlük qazanmasıdır.

"Ölkə.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Məqalədə bildirilir ki, Ukraynadakı müharibədə istifadə olunan Rusiya dronlarının təhlili Çinin istehsal zəncirindəki təsirinin miqyasını ortaya qoyur. Ukrayna Prezident Briqadasının “Bulava” bölməsi tərəfindən aparılan araşdırma zamanı Rusiya istehsalı FPV-kvadrokopterdə Çin mənşəli çoxsaylı komponentlər aşkarlanıb. Bunlara batareyalar, mühərriklər və markalanmamış əsas idarəetmə çipi daxildir.

Nəşrin məlumatına görə, Rusiya istehsalı olan həmin dronların Çin tədarük zənciri olmadan hazırlanması faktiki olaraq mümkün deyil.

İranın İsrail və ABŞ-yə qarşı istifadə etdiyi kamikadze dronlarında Çinin iştirak səviyyəsi tam aydın olmasa da, müdafiə sənayesi üzrə ekspertlər hesab edir ki, İran da Rusiya və Ukrayna kimi Çin istehsalından ciddi şəkildə asılıdır.

Məqalədə vurğulanır ki, Çin dron təchizat zəncirindəki üstünlüyündən siyasi və iqtisadi təzyiq vasitəsi kimi də istifadə edir. Belə ki, 2024-cü ilin sonunda Pekin Tayvana dron satdığı üçün ABŞ-nin Kaliforniyada yerləşən “Skydio” şirkətini qara siyahıya salıb. Nəticədə şirkət Çin istehsalı batareyalara çıxış imkanını itirib və təchizat məhdudiyyətləri ilə üzləşib.

“WSJ” yazır ki, texniki baxımdan ABŞ-nin Çinlə rəqabət aparmaq imkanı olsa da, əsas problem istehsal miqyası və maya dəyərindəki fərqdir. ABŞ istehsalı olan hərbi kvadrokopterlərin qiyməti 15 min dollardan çox olduğu halda, oxşar Çin istehsalı dronlar bundan ən azı üç dəfə ucuzdur.

Nəşr qeyd edir ki, Vaşinqtonun Çinlə rəqabət aparmaq üçün həll etməli olduğu əsas məsələlərdən biri mühərrik və batareya istehsalında Pekinin monopoliyasını zəiflətməkdir. Bunun üçün Donald Tramp administrasiyası ABŞ-də mühərrik və akkumulyator istehsalı üçün vacib olan nadir minerallarla bağlı layihələrə milyardlarla dollar sərmayə yatırıb. Lakin ekspertlər belə bir sənaye infrastrukturunun qurulmasının uzun illər tələb edə biləcəyini bildirirlər.

Məqalədə qeyd olunur ki, Çin hazırda ABŞ-nin kommersiya dron bazarının təxminən 80 faizinə nəzarət edir. Bu üstünlüyün əsas hissəsi aşağı qiymətli və yüksək məhsuldarlığa malik dronlar istehsal edən Çin şirkəti DJI Technology-yə məxsusdur. Həmin dronlardan kontent yaradıcıları, daşınmaz əmlak agentləri, sənaye müəssisələri, həmçinin ABŞ-də polis və yanğınsöndürmə xidmətləri geniş istifadə edir.

ABŞ-nin “Skydio” kimi yerli istehsalçıları üçün əsas müştəri isə hazırda əsasən hərbi sektordur.

Məlumata görə, ABŞ Federal Rabitə Komissiyası (FCC) 2025-ci ilin dekabrında milli təhlükəsizlik səbəbilə xarici istehsal olan dronların və onların əsas komponentlərinin istifadəsinə məhdudiyyətlər tətbiq edib. Qərarın yerli istehsalçıların bazardakı mövqeyini gücləndirəcəyi gözlənilsə də, bu addım eyni zamanda istehsal xərclərini artıra bilər.(teleqraf)

Seçilən
38
olke.az

1Mənbələr