AZ

Gənclərin peşəkar inkişafına həsr olunmuş Forum keçiriləcək

16 may 2026-cı il, saat 10:00-da Avropa Azərbaycan Məktəbində gənclərin peşəkar inkişafına həsr olunmuş “LEVEL UP” Forumu baş tutacaq.
Tədbir gənclərə düzgün istiqamət seçmək, daxili potensialı kəşf etmək və seçilən yolda strateji inkişaf yollarını mənimsəmək üçün peşəkar platforma təqdim edir.

Forum proqramı üç əsas panel üzrə qruplaşdırılıb: karyera, təhsil və innovasiya. Müzakirələr zamanı beynəlxalq mübadilə proqramları, müasir iş dünyasının tələb etdiyi bacarıqlar, startup ekosistemi və süni intellektin gələcəyi kimi strateji mövzulara toxunulacaq.

Tədbirdə dövlət və özəl sektorun, həmçinin akademik dairələrin öz sahələrində yüksək vəzifə tutan aparıcı mütəxəssisləri çıxış edəcək. Spiker heyətinə millət vəkilləri, ADA Universitetinin prorektoru, “SABAH.lab” rəhbəri, habelə “Kapital Bank”ın layihə meneceri kimi təcrübəli simalar daxildir. Ekspertlər uğur hekayələri ilə yanaşı, gənclərə qarşılaşa biləcəkləri risklər və dönüş nöqtələri barədə praktiki tövsiyələrini verəcəklər.

“LEVEL UP” Forumu yalnız mühazirələrdən ibarət olmayıb, geniş şəbəkələşmə imkanları vəd edir. Fasilələr zamanı iştirakçılar forumun rəsmi tərəfdaşları olan AIESEC, AEGEE, GUYS və YeniSən kimi gənclər təşkilatlarının stendləri ilə tanış ola, onlarla birbaşa əməkdaşlıq imkanlarını müzakirə edə bilərlər.

Bilet əldə edən iştirakçılar üçün bütün sessiyalara girişlə yanaşı, qəhvə fasiləsi, nahar və xüsusi musiqili konsert proqramı nəzərdə tutulub. Tədbirin sonunda hər bir iştirakçıya rəsmi sertifikat təqdim ediləcək və sponsorların xüsusi hədiyyələrini qazanmaq şansı yaradılacaq.

Forumda iştirak etmək və bilet əldə etmək üçün iTicket platformasına müraciət edə bilərsiniz: https://iticket.az/events/seminar/level-up-forum

AzPost.az

Seçilən
25
42
azpost.info

10Mənbələr