AZ

Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib

Şimali Makedoniya 2026-cı ilin əvvəlindən etibarən Azərbaycan qazını müntəzəm şəkildə idxal edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Şimali Makedoniyadakı səfiri Dmitri Zıkov bildirib.
 
Onun sözlərinə görə, 2024-cü ilin noyabrında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Şimali Makedoniyanın dövlət enerji şirkəti ESM arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb. Sənəd uzunmüddətli təbii qaz tədarükünü nəzərdə tutur.
 
Səfir qeyd edib ki, 2026-cı ilin ilk iki ayında Azərbaycan qazının Şimali Makedoniyanın qaz tədarükündə payı 32 faiz təşkil edib. Müqayisə üçün, eyni dövrdə Rusiya qazının payı 28 faiz olub.
 
D.Zıkov bildirib ki, Şimali Makedoniya Azərbaycan qazını Rusiya qazı ilə müqayisədə təxminən iki dəfə baha qiymətə alır.
 
Onun sözlərinə görə, Azərbaycan qazı hazırda Şimali Makedoniyaya TANAP və TAP boru kəmərləri vasitəsilə çatdırılır. Daha sonra qaz Yunanıstan və Bolqarıstan üzərindən Makedoniya bazarına daxil olur.
Seçilən
3
2
moderator.az

10Mənbələr