AZ

113 milyon illik mübahisə bitdi: "İrritator" Braziliyaya geri dönür

Almaniyanın Ştutqart şəhərindəki Təbiət Tarixi Muzeyi tərəfindən 1991-ci ildə satın alınan və illərdir beynəlxalq mübahisə mövzusu olan 113 milyon illik "Irritator challengeri" fosili Braziliyaya qaytarılır.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya və Braziliya rəsmilərinin yaydığı birgə bəyannamədə qeyd olunub.

Tədqiqatçılar bu kəllə sümüyünün bu günə qədər məlum olan ən tam spinozavr kəlləsi olduğunu və onun əvvəllər məlum olmayan nəhəng ətyeyən dinozavr cinsinə aid olduğunu müəyyən ediblər.

Fosilin adı da maraqlı tarixçəyə malikdir. 1996-cı ildə paleontoloqlar kəllə sümüyünü araşdırarkən onun burnunun süni şəkildə dəyişdirildiyini aşkar ediblər. Bu zaman hiss etdikləri qıcıqlanmanı ifadə etmək üçün cinsə "İrritator" (qıcıqlandıran), növə isə Artur Konan Doylun "İtirilmiş Dünya" romanındakı professor Çallencerin şərəfinə "Challenger" adını veriblər.

Braziliya qanunvericiliyinə görə, 1942-ci ildən bəri ölkə ərazisində tapılan bütün fosillər dövlət mülkiyyəti sayılır və onların ixracı ciddi qaydalarla tənzimlənir. Fosilin Braziliyanı hansı şəraitdə tərk etdiyi məlum olmadığı üçün tərəflər arasında uzun müddət davam edən restitusiya (geri qaytarılma) prosesi artıq müsbət yekunlaşıb.

Bəyannamədə vurğulanır ki, hər iki ölkə elmi əməkdaşlığa və ortaq mədəni irsin qorunmasına böyük dəyər verir.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
3
4
redaktor.az

10Mənbələr