AZ

Aİ: Ermənistan və Azərbaycan kommunikasiyaların açılmasından iqtisadi cəhətdən faydalanacaqlar » AzadMedia.az


Kommunikasiyaların bərpası və etibarlı infrastrukturun inkişafı Cənubi Qafqazda həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verən yeni iqtisadi imkanlar formalaşdırır, həmçinin regionda sülh və sabitliyin möhkəmlənməsinə kömək edir.

Bu barədə Avropa İttifaqının (Aİ) İrəvandakı səfiri Vasilis Maraqos "Armenpress"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, "Tramp Marşrutu" (TRIPP) layihəsi Ermənistan ərazisində tranzit bağlantılarını necə inkişaf etdirməyin və Ermənistanla Azərbaycan arasında kommunikasiyaları hansı yolla bərpa etməyin mümkünlüyünü aydın və praktik şəkildə müəyyən edir:

"Aİ həmçinin Ermənistanın Transxəzər Nəqliyyat Dəhlizində (Orta Dəhliz - red.) iştirak etməyə dair marağını dəstəkləyir".

Səfir qeyd edib ki, 2025-ci ilin avqustunda Bakı və İrəvan arasında əldə edilmiş razılaşmalar çoxillik münaqişədən sonra "tarixi irəliləyiş" olub və Avropa İttifaqı tərəfindən müsbət qarşılanıb.

"Biz hər iki tərəfi sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində mümkün qədər tez irəliləməyə çağırırıq. 2025-ci ilin avqust ayından bəri biz sülhün geri dönməzliyinin təmin olunmasına və prosesin institusionallaşdırılmasına yönəlmiş ikitərəfli sülh prosesi çərçivəsində tərəflərin atdığı addımların şahidi olmuşuq. Bu yeni şəraiti və iki ölkə arasındakı müsbət ikitərəfli dinamikanı qiymətləndirməmək olmaz. Bu, uzunmüddətli və qarşılıqlı faydalı barışığın əsasını təşkil edir. İki cəmiyyətin barışması üçün daha çox iş görülməlidir", - V.Maraqos bildirib.

Diplomat həmçinin xatırladıb ki, Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün uzun illər ərzində çalışıb:

"Aİ davamlı sülh üçün şərait yaratmaq məqsədilə həm hər iki tərəflə, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək bu nəticələrin əldə olunması üzərində illərlə işləyib. Biz bundan sonra da dəstək və ekspert yardımı göstərməyə hazırıq. Bura minalardan təmizləmə, eləcə də sərhədlərin demarkasiyası və delimitasiyası prosesi də daxildir".
Seçilən
24
5
azadmedia.az

5Mənbələr