AZ

Harvard alimləri yatmazdan əvvəl edilən və qocalmanı sürətləndirən vərdişi açıqladı

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bir çox insan yatmazdan əvvəl telefonunu yatağın yanında – tumba üzərində saxlayır və gecə ərzində belə mesajları yoxlayır. Harvard alimlərinin yeni araşdırmasına görə, bu vərdiş orqanizmin qocalma prosesinə qədər təsir göstərə bilər.

Qayanrinfo xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, hətta zəif işıq – ekran parıltısı və ya bildiriş göstəricisi – melatonin hormonunun ifrazını poza bilər. Melatonin yuxu və orqanizmin bərpasına cavabdeh əsas hormondur.

Melatoninin rolu yalnız yuxuya getməklə məhdudlaşmır. O, bioloji saatı tənzimləyir, maddələr mübadiləsinə, bədən temperaturuna və hüceyrələrin bərpası proseslərinə təsir göstərir. Bundan əlavə, antioksidant xüsusiyyətləri sayəsində hüceyrələrin sağlamlığını qoruyur və yaşlanma prosesini ləngidir.

Problem ondadır ki, gecə saatlarında ən zəif işıq belə beyin tərəfindən oyaqlıq siqnalı kimi qəbul edilir. Xüsusilə ekranların mavi işığı melatonin istehsalını daha güclü şəkildə azaldır. Nəticədə orqanizmin bioloji ritmi pozulur və yuxuya hazırlıq prosesi zəifləyir.

Əlavə olaraq, yatmazdan əvvəl telefonu yoxlamaq və ya gecə bildirişlərinə reaksiya vermək də yuxunun keyfiyyətini aşağı salır. Qısa "yoxlama”lar belə 20–30 dəqiqəlik gecikmələrə səbəb ola bilər, bu isə dərin yuxu fazasının azalmasına gətirib çıxarır və səhər yorğunluq hissi yaradır.

Harvard Tibb Məktəbinin də daxil olduğu araşdırmalar göstərir ki, gecə işığa məruz qalma bioloji ritmləri dəyişdirir və orqanizmin bərpasını zəiflədir. Uzunmüddətli perspektivdə bu hal metabolik pozuntular, idrak funksiyalarının zəifləməsi və sürətlənmiş qocalma ilə əlaqələndirilir.

Tədqiqatçılar xüsusilə vurğulayırlar ki, problem cihazın özü deyil, işıq və istifadə vərdişləridir. Telefonun yatağın yanında olması isə gecə istifadəsi ehtimalını artırır və tam istirahət rejiminə keçidi çətinləşdirir.

Mütəxəssislər sadə həll yolları təklif edirlər: telefonu yataqdan uzaqda saxlamaq, axşam saatlarında işığı azaltmaq və ekran istifadəsini məhdudlaşdırmaq. Bu vərdişlər yuxu keyfiyyətini yaxşılaşdırmağa və bioloji ritmləri bərpa etməyə kömək edir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
qaynarinfo.az

1Mənbələr