ABŞ administrasiyası İranla elə razılaşma əldə etmək istəyir ki, bir neçə ildən sonra yenidən müharibə olmasın.
Musavat.com xəbər verir ki, bunu Florida ştatının Vest Palm Biç şəhərində jurnalistlərlə söhbətində ABŞ prezidenti Donald Tramp deyib.
Jurnalistlər ondan İranla razılaşma əldə etmək cəhdlərindən tamamilə imtina edə biləcəyi ilə bağlı əvvəlki açıqlamasına münasibət bildirməsini istəyiblər: "Mən bunu demədim. Dedim ki, əgər indi getsək, onların özünə gəlməsi 20 il çəkəcək. Amma biz indi getmirik. Biz bunu elə edəcəyik ki, heç kim iki və ya beş il ərzində geri qayıtmasın".
Tramp həmçinin İrana qarşı yenidən hərbi əməliyyatlar ehtimalını istisna etməyib. Ondan İrana qarşı yenidən hücumlar barədə düşünüb-düşünməyəcəyi soruşulub: "Bunu jurnalistə deyə bilmərəm. Əgər onlar yersiz hərəkət etsələr, pis bir şey etsələr... Görəcəyik. Amma bu, şübhəsiz ki, baş verə biləcək bir ehtimaldır".
O bildirib ki, İranın qalan raket potensialını məhv etmək istəyir.
Musavat.com