AZ

İran ABŞ-yə 14 maddəlik sülh planı təqdim edib

BAKI, 3 may. TELEQRAF

İran hakimiyyəti ABŞ-lə münaqişənin başa çatdırılması üçün 14 maddədən ibarət sülh planı hazırlayaraq Vaşinqtona göndərib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” və “Tasnim” agentlikləri məlumat yayıb.

Bildirilib ki, sənəd Tehranla Vaşinqton arasında davam edən mesaj mübadiləsi çərçivəsində Pakistan vasitəsilə ötürülüb və ABŞ-nin 9 maddəlik təklifinə cavab xarakteri daşıyır. Plan münaqişənin həlli üçün əsas şərtləri və yol xəritəsini ehtiva edir.

Məlumata görə, İran əsas məsələlərin 30 gün ərzində həllini tələb edir və ABŞ-nin təklif etdiyi iki aylıq atəşkəs əvəzinə müharibənin tam dayandırılmasına üstünlük verir.

Sənəddə hücum etməmək zəmanəti, ABŞ qoşunlarının sərhəd bölgələrindən çıxarılması, dəniz blokadasının ləğvi, İran aktivlərinin dondurulmasının aradan qaldırılması, kompensasiyaların ödənilməsi və sanksiyaların ləğvi kimi tələblər yer alır. Həmçinin Livan da daxil olmaqla bütün istiqamətlərdə döyüş əməliyyatlarının dayandırılması və Hörmüz boğazında vəziyyətin tənzimlənməsi mexanizmi ilə bağlı təkliflər irəli sürülür.

Qeyd olunur ki, sənəd İranın dövlət qurumlarında razılaşdırıldıqdan sonra təqdim edilib və rəsmi Tehran hazırda ABŞ-dən cavab gözləyir.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın təqdim etdiyi şərtlərin qəbul olunması ehtimalı azdır. Onun sözlərinə görə, Vaşinqton planı nəzərdən keçirəcək, lakin bunu qəbuledilməz hesab edir.

Seçilən
52
14
teleqraf.com

10Mənbələr