AZ

Qərbi Azərbaycan İcmasında “Davamlı Sülh və Qaçqınların Qayıdış Hüququ: Beynəlxalq Hüququn Rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

BAKI,TurkicWorld

2 may 2026-cı il tarixində saat 16:00-da (Bakı vaxtı, GMT+4) Qərbi Azərbaycan İcmasının təşəbbüsü və təşkilatçılığı ilə “Davamlı Sülh və Qaçqınların Qayıdış Hüququ: Beynəlxalq Hüququn Rolu” mövzusunda beynəlxalq onlayn-hibrid konfrans keçirilib.

Tədbirdə müxtəlif ölkələrdən siyasətçilər, hüquqşünaslar, akademiklər və beynəlxalq ekspertlər iştirak ediblər.

Konfransın açılış mərasimində moderator qismində çıxış edən Azərbaycan Parlamentinin üzvü, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı tədbirin əhəmiyyətindən bəhs edərək davamlı sülhün təmin olunmasında beynəlxalq hüququn rolunu vurğulayıb.

Ardınca hüquqşünas, Bakı Dövlət Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov isə mövzunun hüquqi aspektlərini geniş şəkildə təhlil edib. Daha sonra Azərbaycan Parlamentinin üzvü Azərbaycan Parlamentinin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Rizvan Nəbiyev çıxış edərək qaçqınların qayıdış hüququnun beynəlxalq müstəvidə aktuallığını diqqətə çatdırıb.

Konfrans çərçivəsində keçirilən I panel “Davamlı sülh və qaçqınların geri qayıdış hüququ: beynəlxalq hüququn rolu” mövzusuna həsr olunub. Panelə Azərbaycan Parlamentinin üzvü, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev moderatorluq edib. Paneldə ATƏT Parlament Assambleyasının Prezidenti (2017-2020), Gürcüstan Parlamentinin üzvü George Tsereteli, Avropa Parlamentinin üzvü, Xarici İşlər Komitəsinin və İnsan Hüquqları üzrə Alt Komitənin üzvü, ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitəsinin keçmiş sədri Naço Sançes Amor, Madrid Universitetinin professoru, Pan-Avropa İspaniyası – Beynəlxalq Pan-Avropa Birliyinin Baş katibi Karlos Uriarte Sançez və Azərbaycan Parlamentinin üzvü, Azərbaycan Parlamentinin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Rizvan Nəbiyev əsas məruzələrlə çıxış ediblər.

II panel “Kollektiv qayıdış və beynəlxalq hüquqda normativ boşluq” mövzusuna həsr edilib. Panelin moderatoru Şimali Karolina-Qrinsboro Universitetinin Sülh və Münaqişə Tədqiqatları Departamentinin həmsədri, professor Əli Kaan Əsgər olub. Paneldə Giresun Universitetinin professoru, beynəlxalq əlaqələr şöbəsinin müdiri Yalçın Sarıkaya, ABŞ-ın Tennessi Texnologiya Universitetinin professoru Maykl Qanter, Eurasiaticanews-un təsisçisi və direktoru, Milanda İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Karlo Marino, beynəlxalq mükafat laureatı, tanınmış jurnalist və geopolitika üzrə şərhçi, “Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili” kitabının müəllifi Malik Əyyub Sumbal çıxış ediblər.

III panel “Gender ədaləti və davamlı sülh: qadınların geri qayıdış hüququ” mövzusunu əhatə edib. Panelə Türkiyə Böyük Millət Məclisinin üzvü, AŞPA-dakı Türkiyə nümayəndə heyətinin üzvü Zeynep Yıldız moderatorluq edib. Paneldə ABŞ-ın Alabama ştatının Montqomeri şəhərindəki Auburn Universitetində Siyasi Elmlər və Beynəlxalq Siyasət üzrə kafedra müdiri, professor, istefada olan general Hayat Alvi, Avstriya Vyana Dövlət Universitetinin Hüquq Fakültəsi nəzdində Əmək və Avropa Hüququ İnstitutunun dosent doktoru Yeganə Məsimova, Birləşmiş Millətlər Təşkilatının qlobal proqramlar üzrə mentoru, publisist Elif Selçuk çıxış ediblər.

Konfransın yekununda Azərbaycan Parlamentinin üzvü, Azərbaycan Parlamentinin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Rizvan Nəbiyev çıxış edərək tədbirin nəticələrini ümumiləşdirib, səsləndirilən fikirlərin və təkliflərin gələcək fəaliyyət baxımından əhəmiyyətini vurğulayıb.

Konfrans çərçivəsində davamlı sülhün təmin olunması, qaçqınların geri qayıdış hüququnun beynəlxalq hüquq normaları çərçivəsində qorunması, bu sahədə mövcud çağırışlar və normativ boşluqlar, eləcə də gender aspektləri geniş müzakirə olunub. BMT-nin “Sülh şəraitində birgə yaşayış” beynəlxalq gün ərəfəsində təşkil olunan konfrans beynəlxalq əməkdaşlığın gücləndirilməsi və mövzu üzrə fikir mübadiləsinin aparılması baxımından mühüm platforma kimi qiymətləndirilib.

Seçilən
4
5
turkic.world

6Mənbələr