AZ

Bəhreyn kralından sərt qərar – İranı dəstəkləyən deputatlar ölkədən qovulur...



Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə "İranın ölkəyə hücumlarını dəstəkləməkdə" ittiham olunan daha çox şəxsin vətəndaşlığının ləğvi barədə əmr verib.

Bəyanatda Əl-Xəlifə bildirib ki, Bəhreynin təhlükəsizliyini, sabitliyini və xalqının rifahını hədəf alan İrandan qaynaqlanan xain hücum, vicdanlarını düşmənə satanların əsl üzünü ortaya çıxarıb.

İranı Bəhreyn və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin daxili işlərinə müdaxiləni dayandırmağa çağıran Bəhreyn kralı, baş verənlərdən qəzəbləndiyini və bəzi parlament üzvlərinin “xainlərin tərəfini tutmasından” üzüldüyünü bildirib.

"Ölkənin əmanət edildiyi şəxslərin ona xəyanət etdiyini, xalqın onları təmsil etmək üçün seçdiyi şəxsləri rədd etdiyi və qınadığı xainləri görəndə necə qəzəblənməyə bilərik?" – deyə Əl-Xəlifə bildirib.

Vətəndaşlığın bir kağız parçası deyil, müqavilə və öhdəlik olduğunu, öhdəliyi pozan hər kəsin bu hüququnu itirdiyini vurğulayan Əl-Xəlifə, "İranın mənfur hücumlarını dəstəkləyən” hər kəsin deportasiya edilməsi əmrini verib.

Bəhreyn kralı qeyd edib ki, Körfəz Əməkdaşlıq Şurasına üzv olan bütün dövlətlərin xalqları həbs və vətəndaşlığın ləğvi də daxil olmaqla, xainlərə verilən bütün cəzaları dəstəklədiyini və hətta daha ağır cəzalar tələb etdiyini deyib: "Bu parlament üzvlərinin yalnız iki seçimi var: ya sadiq və şərəfli seçicilərindən səmimi üzr istəmək, ya da onları seçənlərlə eyni tərəfdə dayanmaq".

Bəhreyn kralı bu açıqlamanı, bəzi şiə millət vəkillərinin "İran hücumlarını dəstəkləyənlərin" vətəndaşlığını ləğv edəcək qanunu dəstəkləməkdən imtina etməsi barədə sosial mediada yayılan xəbərdən sonra verib.

Bəhreynin Ağır Cinayətlər Məhkəməsi "İranın düşmənçilik və terror aktlarını yaymaq və tərifləməkdə" ittiham olunan şəxslərlə bağlı ilk dinləməni martın 9-da keçirib, lakin təqsirləndirilən şəxslərin sayı açıqlanmayıb.

Aprelin 27-də Bəhreyndə "ölkəyə qarşı fəaliyyətlə məşğul olduqları və İranın düşmənçilik hərəkətlərini dəstəklədikləri" iddia edilən 69 nəfərin vətəndaşlığı ləğv edilmişdi.

Tahir TAĞIYEV

Seçilən
45
baki-xeber.com

1Mənbələr