AZ

Qərbdə “böyük xəyanət”in yeni ssenarisi yazılır: Avropa “qapılar”ını Ukraynanın üzünə qapadır

Olke.az saytına istinadən ain.az xəbər verir.

Rəsmi Kiyev kollektiv Qərbin dəstəyini qorumaq üçün Ukrayna savaşını daha genişmiqyaslı regional təhlükə kimi təqdim etməyə cəhd göstərir... Ancaq ABŞ daxilində artan siyasi-ictimai narazılıq və Avropada dərinləşən tərəddüdlər Qərbdə Ukrayna savaşına daha ehtiyatlı yanaşmanı ön plana çıxarır...

Ukrayna müharibəsinin dayandırılması istiqamətində atılan addımlar hələlik ümudverici nəticələrdən çox-çox uzaqdır və ona görə də, bu hərbi böhran ətrafında artıq yeni geopolitik reallıqlar formalaşmaqdadır. Belə ki, savaşın davam etmə müddəti uzandıqca, kollektiv Qərb daxilində həm siyasi mövqe, həm də strateji yanaşma tərzi nəzərə çarpacaq dərəcədə dəyişməyə başlayıb. Halbuki, vaxtilə - Tramp administrasiyasının hakimiyyətə gəlişinə qədər ABŞ və Qərb birmənalı şəkildə vahid mövqedən çıxış edirdi. Ancaq indi kollektiv Qərb düşərgəsində getdikcə daha çox fərqli prioritetlər və maraqların əsasında siyasi mövqenin formalaşması daha ön plana çıxamaqdadır.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı ilə bağlı verilən son siyasi mesajlar onu göstərir ki, bu münaqişə artıq yalnız hərbi qarşıdurma deyil, həm də kollektiv Qərb daxilində güc bölgüsü və məsuliyyət üzərindən ciddi mübahisə predmetinə çevrilib. Belə ki, ABŞ prezidenti Donald Tramp Bayden administrasiyasının Ukrayna savaşına 350 milyard dollardan çox maliyyə vəsaiti xərcləməsini növbəti dəfə sərt şəkildə tənqid edib. Onun qənaətinə görə, Ağ Evin rəsmi Kiyevə yüz milyardlarla dollar ayırması əslində, çox “ağılsız qərar” olub və bu, hərbi münaqişənin daha da uzanmasına yol açıb.

Əslində, Ağ Ev sahibinin bu mövqeyi ABŞ daxilində formalaşmaqda olan daha genişmiqyaslı siyasi tendensiyanı da özündə əks etdirir. Belə ki, ABŞ cəmiyyətində və siyasi elitasında xarici münaqişələrə böyük həcmli maliyyə resurslarının ayrılmasına qarşı narazılıqlar artmaqda davam edir. Üstəlik, bu siyasi-ictimai xətt ABŞ-ın hərbi müdafiə siyasətində də özünü açıq şəkildə göstərir. Və bu mövzuda danışan Pentaqon şefi Pit Heqset açıq şəkildə bəyan edib ki, Ukraynaya hərbi dəstəyin əsas maliyyə yükünü məhz Avropa ölkələri öz üzərlərinə götürməlidirlər.

Məsələ ondadır ki, Pentaqon şefinin fikrincə, Ukrayna savaşının doğurduğu hərbi təhlükə coğrafi baxımdan, ABŞ-a deyil, məhz Avropaya daha yaxın olduğu üçün onun əsas məsuliyyəti də elə “qoca qitə” ölkələrinin üzərinə düşür. ABŞ-ın müdafiə nazirinin bu yanaşması ümumi transatlantik münasibətlərdə artıq yeni mərhələnin başlandığını göstərir. Və Ağ Evin mövcud situasiyaya bağlı mövqeyi ABŞ-ın Avropa ölkələrinin birbaşa hərbi təhlükəsizlik maraqlarına yönəlik maliyyə yükündən tədricən geri çəkilmək niyyətini qabarıq şəkildə birizə verir.

Təbii ki, Ağ Evdən verilən bu neqativ məzmunlu mesajlar Avropa ölkələrində qətiyyən birmənalı qarşılanmır. Belə ki, bir tərəfdən, Ukraynaya verilən dəstəyin davam etdirilməsi həm siyasi və təhlükəsizlik, həm də strateji baxımından, olduqca vacib hesab edilir. Digər tərəfdən isə Ukrayna savaşına xərclənən maliyyə vəsaiti ucbatından Avropa ölkələrində iqtisadi və sosial yükün də artması ciddi narahatlıq doğurur.

Ona görə də, məhz bu səbəbdən rəsmi Kiyevin Ukraynanın Avropa Birliyinə tezləşdirilmiş modeldə sürətlə inteqrasiya olunması ilə bağlı tələbi əksər “qoca qitə” ölkələri tərəfindən ehtiyatla, hətta tərəddüdlə qarşılanır. Bəzi Qərb mənbələrinin iddialarına görə, həmin dövlətlər Ukraynanın Avropa Birliyinə təcili üzvlüyünün yarada biləcəyi potensial riskləri və neqativ nəticələri əvvəlcədən daha diqqətlə qiymətləndirməyə üstünlük verirlər.

Bütün bunlarla yanaşı, postsovet məkanında da yeni siyasi manevrlərin edildiyi müşahidə olunur. Belə ki, Rusiyanın ən yaxın müttəfiqi olan Belarusun prezidenti Aleksandr Lukashenko son vaxtlar ABŞ və Qərbin sülh təşəbbüslərində rol almaq istədiyi barədə müəyyən mesajlar verməyə başlayıb. O, hətta ABŞ prezidenti Donald Trampın başlatdığı Ukrayna və Rusiya arasındakı sülh danışıqlarının məhz Belarusda keçirilməsini də təklif edib. Və bu, Belarusu potensial vasitəçi kimi təqdim etmək cəhdi olmaqla yanaşı, həm də rəsmi Minskin daha genişmiqyaslı geopolitik “böyük sövdələşmə” ssenarilərinə hazır olduğuna işarə sayılır.

Ancaq Ukrayna rəhbərliyi isə tamamilə fərqli hərbi təhlükəsizlik narrativləri formalaşdırmağa çalışır. Belə ki, prezident Volodimir Zelenski bildirib ki, Rusiyanın strateji hədəfləri yalnız Ukraynanın işğal olunması ilə məhdudlaşmır. Onun fikrincə, Rusiya Ukrayna savaşında uğur qazanaraq, öz məqsədinə çatacağı təqdirdə, Kreml digər postsovet ölkələrinə qarşı da oxşar addımlar ata bilər. Və bu yanaşma rəsmi Kiyevin kollektiv Qərbin dəstəyini qorumaq üçün Ukrayna savaşını daha genişmiqyaslı regional təhlükə kimi təqdim etmək cəhdinin göstəricisi hesab olunur.

Beləliklə, yaranmış ümumi situasiya onu göstərir ki, Ukrayna savaşı artıq yeni mərhələyə keçid etməyə başlayıb. ABŞ daxilində artan narazılıq, Avropada dərinləşən tərəddüdlər və alternativ siyasi-diplomatik platformaların ortaya çıxması Ukrayna savaşının gələcək inkişaf istiqamətlərinə birbaşa təsir edir. Və əgər, Ağ Evin mövqeyi dəyişməz qalarsa, Ukrayna böhranının hərbi müstəvidən daha çox siyasi-diplomatik “böyük razılaşma” çərçivəsinə keçmə ehtimalı yenidən xeyli arta bilər.

Göründüyü kimi, ABŞ və Qərbin Ukraynanı uzunmüddətli perspektivdə əvvəlki səviyyədə dəstəkləməkdə davam edəcəyi, yoxsa geopolitik reallıqlara uyğun olaraq, kompromislər axtarışına məcbur qalacağı hələlik qeyri-müəyyən xarakter daşıyır. Ancaq mövcud proseslərin müşahidəsinə bağlı nəticələr onu göstərir ki, Avropa Birliyinin Ukraynaya “qapılar”ını tədricən qapatmaqda olduğu bir şəraitdə ikinci ssenari getdikcə, daha real görünür. Və bu, yalnız Ukraynanın deyil, bütövlükdə Avroatlantik məkanın təhlükəsizlik arxitekturasının gələcək taleyini müəyyən edə biləcək məqamdır.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
21
olke.az

10Mənbələr