AZ

Niyə və necə yenilənirik?


Yəqin ki, insan orqanlarının yenilənməsi prosesi hər birimizə məlumdur. Ancaq məlum olmayan hansı orqanın hansı müddətə yenilənməsidir. Son illər aparılan araşdırmalardan biri də əslində elə bu barədədir. Məsələn, bu araşdırmaya görə, insanın bəzi orqanları istisna olmaqla qalan bütün orqanları yenilənir. Beləliklə, bir insan orqanizminin bioloji yaşı orta hesabla 10 yaşdan yuxarı qalxmır. İngiltərədə çıxan “Daily Mail” qəzetinin xəbərinə görə bunun əsas səbəbi əslində orqanların yenilənməsi yox, onları təşkil edən hüceyrələrin yenilənməsidir. Hətta daha dəqiq ifadə etsək, köhnə hüceyrələrin yeni hüceyrələrlə əvəz olunmasıdır. Bu prosesdən kənarda qalan orqanlar isə əsasən göz və beyindir. İndi isə hansı orqanın hansı müddətə yenilənməsinə nəzər salaq.

1. Ürək
Uzun illər alimlər ürəyi təşkil edən hüceyrələrin yenilənmədiyini düşünürdülər. Ancaq Nyu-York Universitetinin professoru Pyero Anversa bunun əksini sübut etdi. Onun araşdırmalarından məlum oldu ki, ürəyi təşkil edən hüceyrələr də yenilənir və üstəlik, bu yenilənmə nə az, nə çox, düz 20 il davam edir.

2. Böyrəklər 
Alimlər böyrəkləri təşkil edən hüceyrələrin də yenilənmədiyini ehtimal edirdilər. Ancaq amerikalı alimlər apardıqları araşdırmalarda böyrəklərin özlərini yeniləyə bilən hüceyrə quruluşuna malik olduğunu isbat etdilər. Bu araşdırmaların nəticələrinə görə böyrəklər yeni hüceyrələr istehsal edərək mütəmadi olaraq özlərini yeniləyir və üstəlik, bu yenilənmə orta hesabla 6 aya qədər davam edir.

3. Mədə
Karolinska İnstitutunun (İsveç) professoru Yonas Frizen isə mədə divarını təşkil edən hüceyrələrin yeniləndiyini sübut etdi. O, mədə turşusu ilə əlaqədar mədədəki hüceyrələrin o qədər də dözümlü olmadığını, ancaq buna baxmayaraq həmin hüceyrələrin orta hesabla 3-5 gün ərzində yeniləndiyini kəşf etdi. Ancaq bu yenilənmə prosesini gecikdirən (hətta bəlkə də qarşısını alan) səbəblərdən biri də nikotindir.

4. Bağırsaq
Digər tərəfdən, professor Yonas Frizenə görə bağırsaq hüceyrələri də mədə hüceyrələri kimi çox sürətlə yenilənir və bu proses orta hesabla 3 gündən 5 günə qədər davam edir. Ancaq mədə hüceyrələrində olduğu kimi, bağırsaq hüceyrələrində də bu prosesi gecikdirən səbəblər kifayət qədər çoxdur.

5. Saç
Bir insanda orta hesabla 100 min saç olur və bu saçların hər biri ayda 1,25 santimetrə qədər uzanır. Bu baxımdan, saç da özünü mütəmadi olaraq yeniləyən orqanlar arasındadır. Ancaq saçın yenilənmə müddəti ilə bağlı konkret olaraq bir rəqəm demək çətindir. Çünki saçın yenilənmə müddəti onun uzunluğundan asılı olaraq dəyişir.

6. Dəri
Dəri də özünü ən intensiv və ən sürətli şəkildə yeniləyən orqanlardan biridir (orta hesabla 28 gün). Ancaq başqa orqanlardan fərqli olaraq dərinin özünü yeniləməsi həm təbii, həm də icbari şəkildə baş verir. Nəticədə, dərimiz bizimlə eyni vaxtda yox, mərhələli şəkildə yaşlanır. Dərini ən çox yaşlandıran səbəblərdən biri və bəlkə də birincisi isə günəş işığıdır.

7. Ağciyər
Ağciyər hüceyrələrini də özünü mərhələli şəkildə yeniləyən orqanlar arasına daxil etmək olar. Üstəlik, bu proses havanın təmizliyindən (həmçinin havanın təmizliyinə təsir göstərən amillərdən) asılı olaraq dəyişir. Ağciyər hüceyrələrinin yenilənmə prosesi isə orta hesabla 6 ayla 1 il arasında baş verir.

8. Qaraciyər
Yağ, protein, şəkər və s. istehsalı üçün vacib olan maddələri özündə birləşdirən qaraciyər orqanizmimizdəki ən güclü orqanlardan biridir. İngiltərə Qaraciyər İnstitutu tərəfindən verilən məlumata görə, qaraciyər hüceyrələri də özünü mərhələli şəkildə yeniləyir və bu proses orta hesabla 6 aya qədər davam edir.

9. Sümük
Bəlkə də ilk baxışdan sizə qəribə görünə bilər, ancaq orqanizmimizi əhatə edən sümüklər də özünü yeniləyir. Üstəlik, sümüklər orqanizmimizin özünü ən çox yeniləyən orqanlarından biridir. Buna görə də, sümükləri əmələ gətirən hüceyrələr özünü orta hesabla 10 il ərzində yeniləyir.

10. Dil
Dad molekullarını sinir yolu ilə beyinə ötürən dil isə orta hesabla 500 min hüceyrədən təşkil olunur və hər bir hüceyrə özünü orta hesabla 10 gün ərzində yeniləyir. Yeri gəlmişkən deyək ki, dildə təqribən 10 min dad tumurcuğu var və hər dad tumurcuğu təqribən 50 hüceyrədən təşkil olunur.

Murad Məmmədov
Seçilən
5
50
yeniavaz.com

10Mənbələr