AZ

""Mişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır"

Böyük Britaniyada siqaret satışı ilə bağlı yeni qayda qüvvəyə minib.

Böyük Britaniya Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, "Tütün və elektron siqaret” Qanunu kimi tanınan qayda Kral III Çarlz tərəfindən təsdiqlənib və qanuna çevrilib ki, bu da ölkənin "tüstüsüz nəsil" hədəfinə doğru tarixi bir addımdır.

Yeni qaydaya əsasən, 1 yanvar 2009-cu il tarixində və ya ondan sonra doğulanlara tütün məhsullarının satışı qadağan ediləcək və bununla da yeni nəsli siqaretin zərərlərindən qorumağa yönəldiləcək.Bəyanatda qanunun siqaret asılılığını aradan qaldırmaq və ictimai sağlamlığı qorumaq məqsədi daşıdığı vurğulanıb.

Bundan əlavə, bəyanatda hökumətin siqareti tərgitmək istəyən milyonlarla yeniyetməyə dəstək olmaq üçün rekord miqdarda vəsait ayırdığı və yeni qaydanın uşaqları həm siqaretin, həm də elektron siqaretin zərərlərindən qorumağı hədəflədiyi qeyd edilib.

Böyük Britaniya səhiyyə naziri Ues Stritinq açıqlamasında yeni qaydanın ölkənin səhiyyəsi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. Stritinq bildirib ki, "Bu qanun, gələcək nəsillər üçün tütün asılılığına son qoymaqla xəstəliklərin başlamazdan əvvəl qarşısını almaq üçün son illərdə atılan ən iddialı addımlardan biridir". 

Nazir qeyd edib ki, siqaret çəkmək illərdir ölümlərə, bərabərsizliklərin artmasına və səhiyyə sisteminə bir yük yaradır. O, yeni qaydanın gəncləri siqaret çəkməyə başlamalarından qoruyacağını və mövcud siqaret çəkənlərə siqareti tərgitməyə kömək etmək üçün dəstək veriləcəyini vurğulayıb. 

Hətta uşaqların olduğu nəqliyyat vasitələrində nikotinsiz elektron siqaretlərin istifadəsini qadağan edən yeni qayda, oyun meydançaları və xəstəxanaların xaricində siqaret çəkməyi də qadağan edəcək.

"Tütünsüz nəsil" planının bir hissəsi olaraq, siqaret çəkməyin zərərləri barədə maarifləndirmə işləri də artırılacaq. Nikotin məhsullarının təşviqi və qablaşdırılması ilə bağlı da qaydalar hazırlanacaq.

Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun qəbul olunub. Eləcə də ölkəmiz bu istiqamətdə bir çox beynəlxalq konvensiyalara, o cümlədən tütünə qarşı mübarizə konvensiyalarına qoşulub.

Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib. "Tütün və tütün məmulatı haqqında" Qanuna dəyişikliyə görə, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib. 

İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə qadağanı pozan fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək. 

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimələnəcək. Qeyd edək ki, ölkədə siqareti yalnız müəyyən yaş həddində olan kişilər deyil, eyni zamanda qadınlar və yeniyetmələr də istehlak edirlər. 

Hətta dəfələrlə məktəb yaşlı şagirdlərin küçədə siqaret qəbul etdiyinin şahidi oluruq. Bizdə də bu istiqamətdə bir sıra qərarlar olmasına baxmayaraq, niyə bu gün də məktəb yaşlı uşaqların siqaretdən istifadəsi davam edir, tətbiq edilən cəzanın zəif olmasının göstəricisidirmi?

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov "Cebheinfo.az"-a bildirib ki, hökumətin istehlakçıların xeyrinə olan bir çox qərarları "xəyalplov" olaraq qalır:

""Tütün və tütün məmulatları haqqında" Qanun bir neçə ildir ki, qəbul olunub. Ondan sonra dəfələrlə dəyişikliklər edilib. Siqaretlərin tək-tək, məktəb, sağlamlıq müəssisələri  yaxınlığında satışı qadağandır. Ancaq  görürük ki, bu hallar davam edir, yenə də satılır.

Azərbaycan dünyanın çox nadir ölkələrindən biridir ki, marketlərdə açıq sıqaret satılır. Bütün dünyanın mübarizə apardığı və tütünün zərərli olmasını birmənalı qəbul etdiyi, 'məişət narkomaniyası' hesab etdiyi tütün Azərbaycan və Çində açıq satışdadır.  Məsələn, Manilada dükanda siqaret tapmaq çox çətindir. Yaxud İspaniyada marketlərdə satılmır.

Ən pis MDB məkanıdır ki, orada da reklam şəklində deyil, üstüörtülü, 18 yaşına qədər uşaqlara satışı qadağandır. Ancaq bizdə qanunlar qəbul edilməsinə və sərtləşdirilməsinə baxmayaraq, insanlar onu icra etmir. Təsadüfi deyil ki, 6 ay öncə xaricdən qaçaqmal tütün gətirənlər ifşa olundu. Belə bir şəraitdə Azərbaycanda bu məsələ anormal bir şəkildədir".

Onun sözlərinə görə, təxminən 1 ay öncə yenə də qanuna dəyişiklik olundu və elektron siqaretlərə də cərimə tətbiq olundu:

"Yalnız qızdırılan tütün (tütün tüstüsü yaratmadan və daha az qoxu buraxaraq, tütünlə zənginləşdirilmiş buxar/aerozol təqdim edən cihazlar qızdırılan tütün məhsulları (Heated Tobacco Products - HTP) adlanır) məmulatları var ki, onlar yandırılan deyil və idxalına icazə verildi.

Hazırda bizə gələn zənglər onu göstərir ki, bəzən qızdırılan tütün məmulatlarını yandırılan tütün məmulatları ilə səhv salan və yaxud bilərəkdən edənlər də cərimələnir.

Qızdırılan tütün məmulatları böyük bir qrup maldır. Bunlar siqareti unutmaq üçün deyil, siqaret çəkmək üçün bir vasitədir. Yaxın 30 ildə dünyanın qızdırılan tütün məmulatlarına keçəcəyi gözlənilir. 

Ona görə cərimələri tətbiq edənlərə çağırış edirəm ki, qızdırılan tütün məmulatları ilə yandırılan tütün məmulatları fərqlidir. Azərbaycanda qanun sərtləşdirilsə də, 7 ildir ki, Şəkidə bir fabrik fəaliyyətə başlayıb və filtrsiz siqaret istehsal edir.  Analizlər aparmışıq, içində çox təhlükəli maddələr var. Qiyməti 50 qəpikdir və "məişət narkomaniyası"nın şagirdlər arasında yayılmasına böyük təkan verir.Çağırış edirəm ki, marketlərdə siqaretin açıq satışı qadağan edilsin. Ən azından üstü örtülsün. Eləcə də 18 yaşına çatmayanlara satışı qadağan olunsun. 

Məktəblərdə, valideyn komitələrində və müxtəlif yerlərdə antitütün təbliğatları genişləndirilsin. Təəssüf ki, bu məsələlər effektli getmir. Yəni hələ də "xəyalplov" olaraq qalır".

Seçilən
53
cebheinfo.az

1Mənbələr