AZ

Respublika fənn olimpiadalarında medal qazanan qusarlı məktəblilər mükafatlandırılıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qusar, 2 may, AZƏRTAC

Respublika fənn olimpiadalarında (RFO) medal qazanan və buraxılış imtahanında maksimum nəticə toplayan qusarlı məktəblilər mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Emiliya Qayıbova buraxılış imtahanında maksimum nəticə (300 bal) göstərib, həmçinin cari ildə RFO-da riyaziyyat fənni üzrə gümüş medal qazanıb. Hil kənd Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Qəhrəman Məlikov isə RFO-da coğrafiya fənni üzrə qızıl medala layiq görülüb. Bu, Qəhrəmanın artıq 3-cü medalıdır. Əvvəlki illərdə də o, qızıl və gümüş medal qazanıb.

Qusar Rayon İcra Hakimiyyətində yüksək nəticə əldə edən şagirdlərlə görüş zamanı bildirilib ki, ölkəmizdə təhsilin inkişafı, savadlı, vətənpərvər, müasir dünyagörüşlü gənclərin yetişdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

İcra hakimiyyətinin başçısı Sahir Məmmədxanov qeyd edib ki, Qusar rayonunda təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkarlanması və dəstəklənməsi istiqamətində məqsədyönlü iş aparılır. Bunun məntiqi nəticəsidir ki, son illərdə rayon məktəbliləri respublika səviyyəsində bilik yarışlarında, buraxılış və qəbul imtahanlarında yüksək nəticələr göstərərək fərqlənirlər.

Təhsilin ən mühüm sahələrdən biri olduğunu vurğulayan S.Məmmədxanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Savadlı, bilikli, vətənpərvər gənclərin yetişməsi Azərbaycanın gələcəyinin etibarlı təminatıdır.

Görüşdə şagirdlərə daha əzmlə çalışmaq, qarşıya qoyduqları hədəflərə çatmaq üçün səylərini artırmaq, elmin bütün sirlərinə dərindən yiyələnmək tövsiyə edilib, bu uğurların əldə olunmasında əməyi keçən müəllimlərə və övladlarının təhsilinə xüsusi qayğı göstərən valideynlərə təşəkkür edilib.

Emiliya Qayıbova və Qəhrəman Məlikov qazandıqları uğurların onlarda qürur və məsuliyyət hissi yaratdığını bildirib, bundan sonra da səylə çalışacaqlarını, Vətənə, dövlətə layiqli övlad olacaqlarını, əldə etdikləri bilik və bacarıqları Azərbaycanın inkişafı naminə tətbiq edəcəklərini söyləyiblər.

Sonda istedadlı şagirdlərə pul mükafatı, həmçinin qiymətli hədiyyələr təqdim edilib.

Müxbir – Elxan Yusifli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azertag.az

1Mənbələr